Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İntiqam Əliyevin işi üzrə məhkəmədə onun lehinə ifadələr verilib

 

Çərşənbə axşamı Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) rəhbəri İntiqam Əliyevin işi üzrə məhkəmədə zərərçəkmişlərin ifadələri yekunlaşıb.

Son olaraq Gülnar Mehdiyeva – bu QHT-nin keçmiş hüquqşünası çıxış edib. İstintaqın məlumatına görə, 2010-cu ilin noyabr-dekabr aylarında onun adına maaş yazılıb, bir halda ki, o, artıq bu təşkilatda işləmirdi. Mehdiyeva bildirib ki, bu pulu almayıb, amma təqsirləndirilən şəxsə qarşı heç bir iradı yoxdur.

Bundan əvvəl Əliyev dəfələrlə qeyd edib ki, HMC-nin ofisində axtarış zamanı möhür, blanklar, kompüterlər müsadirə olunub və istintaq əmək haqqı cədvəllərini saxtalaşdırıb.

Daha sonra şahidlərin ifadələri dinlənilib. Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli bildirib ki, HMC-nin layihələrində ekspert kimi iştirak edib və qonorar – HMC-nin sənədlərində göstərilmiş məbləğləri alıb.

Digər hüquqşünas Yavər Şahbazov da analoji ifadə verib.

Daha sonra İntiqam Əliyevin qızı Nərmin Kamilsoy ifadə verib.

Hakim Rasim Sadıqov xatırladıb ki, atasının işi üzrə ifadə verməkdən imtina etmək hüququna malikdir. Buna cavabda Nərmin qeyd edib ki, istintaqda o özü belə bir hüququ olduğunu xatırladıb, lakin buna baxmayaraq, müstəntiq "vacib” olduğunu bildirərək, onu dindirib.

Hakim Sadıqov bununla bağlı bildirib ki, onun ifadə verməsində israr etmir, dövlət ittihamçısı da sualı olmadığını bildirib.

Lakin İntiqam Əliyev bildirib ki, onun özünün qızına sualı var. "Nərmin, sənin 23 yaşın var, bunun 20 ilini Sumqayıtda adi "xruşovka”da yaşamısan. Bu illər ərzində qardaşınla səni bir həftəlik belə olsun istirahət üçün heç yerə aparmamışam. Adi orta məktəbdə oxumusan. Təhsilinlə məşğul olmağa zamanım olmayıb.

Buna baxmayaraq, sən öz gücünlə hüquq fakultəsinə daxil olmusan. Dövlət proqramı ilə xaricdə təhsil almağına imkan verməyəcəklər. Səni dövlət və kommersiya qurumlarında işə qəbul etməyəcəklər. Vəkillər Kollegiyasına qəbul etməyəcəklər, çünki atanı da oraya qəbul etməyiblər. Səni məhrumiyyətlər gözləyir. İndi de görüm, mənim qızım olduğun üçün peşmansanmı, özünü zərərçəkmiş hesab edirsənmi?”, - deyə Əliyev qeyd edib. Buna cavabda Nərmin atası ilə fəxr etdiyini deyib.

Əvvəlki iclasda vəkil Şəhla Hümbətova Azərbaycan Ədliyyə Nazirliyinin İntiqam Əliyevin qrantlarının qeydiyyatdan keçdiyini təsdiq edən səhifələrinin Gürcüstanda notarius tərəfindən təsdiq edilmiş skrinşotlarını (Azərbaycanda notariuslar İnternetdən surəti götürülmüş sənədləri təsdiq etmir) təqdim edib.

Vəkil bu sənədlərin iş materiallarına tikilməsi haqqında vəsatət verib. Bu vəsatət dövlət ittihamçısını açıq-aşkar gözlənilmədən yaxalayıb, o, vəsatəti tədqiq etmək üçün vaxt istəyib. Eyni zamanda, o, təqdim edilmiş sənədlərin "əslliyindən” şübhələndiyini bildirib və qrantların qeydiyyatdan keçirilib-keçirilmədiyi haqqında Ədliyyə Nazirliyinə sorğu göndərməyi təklif edib.

Buna cavabda Əliyev deyib ki, Ədliyyə Nazirliyi maraqlı tərəfdir və müdafiə tərəfin analoji sorğularına cavab verməyib, Ədliyyə Nazirliyi özü isə saytından qrantların qeydiyyatı haqqında məlumatı yığışdırıb.

Digər tərəfdən, qrantlar qeydiyyatdan keçirilmədən layihələrin həyata keçirilməsi cinayət əməli deyil, yalnız inzibati hüquqpozmadır.

Əliyev Ədliyyə Nazirliyindən qrantların qeydiyyatı reyestri kitabını istəməyi təklif edib, belə ki, müqavilələrin sayı çox olduğu üçün onu saxtalaşdırmaq çətindir.

 Hakim Əliyevin vəsatətini baxılmamış saxlayıb və prokurorun Ədliyyə Nazirliyinə sorğu göndərilməsi haqqında təklifini qəbul edib.

Növbəti iclas 7 aprel saat 14:00-a təyin edilib.

** İntiqam Əliyev 2014-cü il avqustun 8-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib. Sonradan o, həmçinin mənimsəmə və saxtakarlıqda ittiham edilib. Amnesty İnternational onu "vicdan məhbusu” kimi tanıyıb. 

.

contact.az

.

Maybe you are interested in:

AİHM 2010-cu il seçkilərində hüquqların pozulması haqqında şikayəti təmin edib

İntiqam Əliyevin işi üzrə proses

Avropa Məhkəməsi İntiqam Əliyevin işi ilə bağlı kommunikasiyaya başlayıb

İntiqam Əliyevin işi üzrə məhkəmədə

Prokurorluq “Azadlıq radiosu”nun ofisindən avadanlığı və sənədləri müsadirə edir (YENİLƏNİB-FOTO - Video 2)

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz