AİHM 2010-cu il seçkilərində hüquqların pozulması haqqında şikayəti təmin edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquqşünas Ənnağı Hacıbəylinin 2010-cu ilin parlament seçkiləri zamanı hüquqlarının pozulması haqqında şikayətini təmin edib.
Ölkənin Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli 62 saylı Saatlı seçki dairəsi üzrə "AXCP-Müsavat” blokundan deputatlığa namizəd idi.
Məhkəmə Hacıbəylinin Avroa İnsan hüquq və azadlıqları Konvensiyasının 1-ci Protokolunun 3-cü maddəsi (azad seçkilər hüququ) üzrə hüquqlarının pozulduğunu etiraf edib.
AİHM Hacıbəyliyə 10000 avro təzminat və məhkəmə xərclərinin ödənilməsi üçün 2600 avro ödənilməsinə qərar verib.
2010-cu il seçkilərində Hacıbəylinin namizədliyi qeydiyyata alınmamışdı. Ona təqdim etdiyi 675 seçici imzasından əksəriyyətinin etibarsız hesab olunduğu bildirilmişdi. Bu səbəbdən onun qeydiyyatından imtina edilib. Bu zaman seçki komissiyası yalnız vizual qiymətləndirmə ilə bu nəticəyə gəlib, ekspert dəvət etməyib. Azərbaycan məhkəmələri Hacıbəylinin şikayətini təmin etməyiblər.
Hacıbəylinin AİHM-ə şikayətində qeyd edilir ki, Strasburq məhkəməsində onun şikayətinə baxılması zamanı qanuni nümayəndəsi İntiqam Əliyev həbs edilib. Hacıbəyli özü də Baş Prokurorluqda dindirilib və ona ölkədən çıxmağı qadağan ediblər.
Hacıbəyli Turan agentliyi ilə söhbətində AİHM-in qərarından razılığını bildirib. Onun sözlərinə görə, 2010-cu il seçkilərindən çox sayda vətəndaş şikayət verib. Azərbaycan hökuməti sülh sazişi təklif edirdi və pul təzminatı ödəməyə hazır idi. Amma ərizəçilər AİHM-in şikayətlər üzrə qərar çıxarmasına üstünlük veriblər.
Hacıbəylidən əvvəl AİHM 2010-cu il seçkilərində pozuntular haqqında daha bir neçə ərizəçinin şikayətini təmin edib.
.
Maybe you are interested in:
Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarı elan edib
2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib
AİHM deputatlığa keçmiş namizədin şikayətini təmin edib