ŞAGİRDLİKDƏN DİREKTORLUĞADƏK
Gələcək uşaqların, uşaqlar isə müəllimlərin əsəridir.” Reyhan Bağışova
Musiqi ruhun qidası, qəlbin sədası, həyatın mənasıdır. Musiqi mənəviyyatı zənginləşdirən, yatmış qəlbləri oyadan, insanları zərif, ülvi hisslərlə qovuşduran ən yaxşı vasitədir. Musiqi, insana verilən elə bir ilahi vergidir ki, onunla bir yerdə doğulur, ana laylasından başlayaraq qanına, canına hopur, inkişaf edir və ən vacib həyatı tələbata çevrilir... Bu vergi, bu sevgi balaca Reyhanın qəlbində də burulğana döndü, onu musiqi dünyasının zənginliklərinə apardı. Yeddi yaşlı qızcığaz 1973-cü ildə müsabiqə yolu ilə Qusar Rayon Yediillik Musiqi Məktəbinin fortepiano şöbəsinə daxil oldu. Musiqiyə olan böyük həvəsi, qabiliyyəti və bacarığı ilə yaşıdlarından seçilən, elə ilk günlərdən müəllimlərin sevimlisi olan Reyhan məktəbi müvəffəqiyyətlə bitirdi. Arzuların qanadında paytaxta pərvazlanaraq 1982-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil oldu. 1986-cı ildə buranı bitirdikdə iş yeri barədə tərəddüd etmir: birbaşa doğma ocağa-Qusar Rayon İncəsənət Məktəbinə dönür, özünə dərs dediyi sevimli müəllimləri ilə çiyin-çiyinə çalışmağa başlayır. Deyirlər, "Niyyətin hara-mənzilin ora". Fortepianonun sehirli dillərinin dərinliklərini fəth etmək, yüksək ixtisaslı musiqiçi olmaq idi Reyhan xanımın məqsədi. 1994-cü ildə Bakı Musiqi Akademiyasının musiqişunaslıq fakultəsini bitirən, Üzeyir Hacıbəyov, Bethoven, Bax, Motsart kimi korifeylərin sənətinə bələd olan bu kübar qadın artıq on ildir ki, Qusar Rayon İncəsənət Məktəbinə rəhbərlik edir. Bu dövr ərzində adı çəkilən təhsil müəssisəsinin uğurları kifayət qədərdir. Rəhbərliyin təşəbbüsü ilə məktəbdə yeni açılan xanəndəlik şöbəsi ilə birlikdə burada incəsənətin on növü tədris olunur. Məktəbin musiqi kollektivləri rayon tədbirlərində və respublika müsabiqələrində məharətlə çıxış edir, nailiyyətlər qazanırlar. Ümummili liderimiz Heydər Əliyevin 90 illiyinə və Respublika Gününə həsr olunmuş "Azərbaycan mədəniyyəti" ümumrespublika müsabiqələrində məktəbin şagirdləri diplom, tərifnamə, fəxri fərman və pul mükafatları ilə təltif olunmuşlar. Hazırda məktəbin pedaqoji kollektivi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun 130 illik yubileyinə həsr olunmuş tədbirlər proqramı üzərində çalışır. Uşağı sağlam cəmiyyətdə layiqli vətəndaş kimi böyütmək çətin və məsuliyyətli vəzifə olmaqla bərabər böyük maddi, mənəvi və təşkilati qüvvə tələb edir. Özünəməxsus idarəetmə bacarığı və təşkilatçılıq qabiliyyətilə seçilən, şərəfli müəllim tituluna hörmətlə yanaşan, vəzifə borcunu layiqincə yerinə yetirən bu fədakar qadının həyatda ən böyük arzusu qızı Əminəni musiqiçi görmək, sevimli peşəsinin incəliklərini ona əxz etdirməkdir: Təhsil proqramının ən vacib tələblərindən biri ömürlük təhsil prinsipini ömür boyu təhsil prinsipinə çevirməkdir. Müəllim daim öyrənməli və öyrətməlidir. Unutmamalıyıq ki, "gələcək uşaqların, uşaqlar isə müəllimlərin əsəridir"-deyir direktor Reyhan Bağışova. Qarşıdan yazın ilk bayramı-8 Mart gəlir. Bu cazibədar, tələbkar və bacarıqlı direktor xanıma bizim də diləymiz var. Bu dəfə əzizlərini, sevimli şagirdlərini qabaqlayaraq- Bayramınız mübarək, Reyhan xanım,- deyirik- həmişə belə gözəl, işgüzar, sevən və sevilən olasınız!
Südabə NOVRUZ
.
Maybe you are interested in:
"Azərbaycan multikulturalizmi"
Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
YARIM ƏSR MUSİQİ ALƏMİNDƏ
KİÇİKLƏRİN KİTAB SEVİNCİ