KİÇİKLƏRİN KİTAB SEVİNCİ
Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətidir. Gələcək ümidlərimiz olan uşaqlarımız içimizi istilədən və sabahlara sevgiylə nəzər salmağımızı təmin edən ən qiymətli varlığımızdır. Bu mələk simalı, bahar ətirli, təmiz qəlbli balalarımızın gələcək taleyi biz böyüklərin əlindədir. Uşaqların ictimai-siyasi həyata hazırlanmasında valideynlərlə yanaşı uşaq bağçaları, məktəblər, məktəbdənkənar tədris və mədəni-maarif müəssisələri, eləcə də, uşaq kitabxanaları böyük məsuliyyət daşıyır. Mərkəzi kitabxananın uşaq şöbəsi həmişəki kimi cari il üçün də "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda silsilə tədbirlər proqramı hazırlamışdır. 2 aprel Beynəlxalq Uşaq Kitabı günündə kitabxananın konfrans zalında təşkil olunmuş "Kitab bayramı" məhz kiçik yaşlıların mütaliə problemlərinə həsr edilmişdi. Tədbirə 2 saylı uşaq bağçasının və 3 saylı məktəbin hazırlıq siniflərinin azyaşlıları, müəllim və valideynlər dəvət olunmuşdular. Mərkəzi Kitabxana Sisteminin direktoru Zahir Mustafayev qonaqları bayram münasibətilə təbrik etdi, gənc valideynlərə öz tövsiyələrini söylədi. O, dahi şəxsiyyətlərin müdrik kəlamlarına əsaslanaraq uşaqların gələcəyimiz olduğunu düşünən hər bir kəsi onlara nümunə olmağa, həyatın ən aktual məsələsi olan sabahımızın elmli, bilikli və hərtərəfli inkişaf etmiş bir cəmiyyət kimi formalaşmalarından ötrü çalışmağa səslədi. Sonra internet əsrində uşaqların mütaliəsinin forma və metodlarını əks etdirən videoçarx nümayiş etdirildi. Balaca fidanlar Andersenin nağıl dünyasına səyahətə çıxaraq şeir, mahnı və rəqsləri ilə məharətlərini göstərdilər. Yeni kitablardan ibarət sərgi ilə tanış olduqdan sonra onlara uşaq jurnalları, kitablar, müxtəlif hədiyyələr bağışlandı.
Südabə NOVRUZ, mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri
.
Maybe you are interested in:
BÖYÜKLƏR KİÇİKLƏRİN HÜQUQLARI HAQQINDA
MÜSABİQƏYƏ YEKUN VURULDU
ŞAGİRDLİKDƏN DİREKTORLUĞADƏK
UNICEF-in regional direktoru Bakıya gəlir
Qubadakı ana ölümündə həkimlər suçlu sayılır...