Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xarici diplomatlar Vəfa Quluzadənin vəfatı haqqında

 

Müstəqil Azərbaycan diplomatiyasının və ölkənin siyasi həyatının memarlarından biri olan Vəfa Quluzadənin ölümü bütün dünyada onun dostları, o cümlədən Qərb diplomatları üçün böyük itki oldu.

Riçard Kozlariç - veteran Amerika diplomatı, dövlət katibi köməkçinin keçmiş müavini və ABŞ-ın Bakıdakı səfiri (1994-1997) Turan-ın Vaşinqton müxbiri ilə Quluzadə haqqında xatirələrini paylaşıb.

"Vəfa Quluzadənin vəfatı məni çox kədərləndirdi. O, Amerika diplomatı kimi karyeram boyunca tanıdığım ən yaxşı peşəkar diplomat idi”, deyə o bildirib.

"Quluzadə sözün əsl mənasında yaxşı dost idi və mən Prezident Aparatında onun kabinetində çox vaxt keçirmişəm. O, həmişə ünsiyyətə hazır idi və görüşlərimizdə həmişə çox çay içərdik.

Onun Azərbaycan müstəqilliyindən əvvəlki dövrdə və bu müstəqilliyin bərqərar olması mərhələsində şəxsən iştirakı olub. Vəfa ilə görüşlər tələbənin tarix və beynəlxalq münasibətlər üzrə professorla seminarına bənzəyirdi.

1990-cı illərin əvvəllərində Quluzadə Azərbaycanın Dağlıq Qarabağ üzrə danışıqlar aparan əsas nümayəndəsi olub, Ermənistan tərəfdən isə onun qarşısında Jerayr Libaridyan olub.

"Hər ikisi öz mövqelərinə sadiq idi, amma bir-birinə böyük hörmətlə yanaşırdılar. Vəfa Qarabağ münaqişəsini diplomatik yollarla həll etmək üçün əlindən gələni edirdi”, deyə Kozlariç bildirib.

"Sonuncu dəfə Vəfanı 1997-ci ilin yayında Ağ Evdə prezident Heydər Əliyevin prezident Klintonla uğurlu görüşündən sonra görmüşdüm. Vaşinqtonda gözəl bir yay günü idi və hamı nəticələrdən məmnun idi.

Prezident Əliyev onu Amerika-Azərbaycan münasibətlərində irəliyə doğru bu addımın təşkilinə görə təbrik etdikdə, hamıdan çox Vəfa sevinirdi. Mən də hamı kimi həddindən artıq çox sevinirdim.

Mən həmişə Vəfa Quluzadənin üzündəki təbəssümü xatırlayacağam. Əziz dostuma Allah rəhmət eləsin”, deyə Riçard Kozlariç qeyd edib.

90-cı illərdə Ermənistan prezidentinin xarici siyasət üzrə müşaviri olmuş Jerayr Libaridyan da Quluzadənin ölümünə reaksiya verib. O, Turan-ın Vaşinqton müxbiri vasitəsilə öz xatirələrini paylaşıb.

"Biz Vəfa Quluzadə ilə 1993-cü ildə Parisdə beynəlxalq konfransda görüşdük. Bizim danışıqlarımız və münasibətlərimiz orada başladı, zamanla bu münasibətlər qarşılıqlı etimad və hörmətə əsaslanan dostluğa çevrildi.

Biz müxtəlif səviyyələrdə danışıqlar aparırdıq: rəsmi, şəxsi, məxfi və gizli. O, böyük təcrübəsi və Azərbaycanın dövlət müstəqilliyinə sadiqliyi olan sakit bir vətənpərvər idi. O, elastik, eyni zamanda möhkəm idi. Təbii ki, bizim fikir ayrılıqlarımız da var idi.

Bununla belə, etimada əsaslanan əməkdaşlığımız 1994-cü ilin mayında Rusiya tərəfindən təşəbbüsü irəli sürülmüş müvəqqəti atəşkəsin daimi prosesə çevrilməsinə nail olmağa imkan verdi. Bu, bizim 1994-cü ilin iyul və avqustunda apardığımız danışıqların nəticəsi oldu.

Sülh sazişi imzalamaq iqtidarında olmasaq da, ən azından bu halda ona çox yaxınlaşmışdıq.

Həmçinin, əlavə etməliyəm ki, hər ikimiz istefaya getdikdən sonra da dostluğumuz davam etdi və hətta böyüdü. Uzun illər boyunca mən onun ailə üzvlərinin çoxu ilə tanış idim və Bakıdakı evində qonaq olmuşdum, o da Massaçusetsdə, Kembricdə mənim ailəmə və evimə baş çəkirdi”, deyə Libaridyan bildirib.

ABŞ-ın Bakıdakı birinci səfiri Riçard Mayls (1992-1993) da Turan-ın Vaşinqton müxbiri ilə Quluzadə haqqında xatirələrini bölüşüb.

"Mən 1992-ci il mayın 2-də Bakıya gəldim. Bu, Azərbaycan xalqı üçün çox çətin dövr idi. Dağlıq Qarabağ uğrunda müharibə ağır gedirdi və Bakı hələ Sumqayıt və Bakıda etnik münaqişədən özünə gəlməmişdi. Mövcud hakimiyyətdən ictimai narazılıq görünürdü. Faktiki olaraq, bu, prezident Ayaz Mütəllibovun hakimiyyətdə olduğu son iki həftə idi, o, çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı. Mənim onunla görüşmək imkanım olmamışdı, amma xarici siyasət üzrə müşaviri Vəfa Quluzadə ilə çox dəyərli əlaqələrim var idi.

Yeni Əbülfəz Elçibəy hökuməti öz səlahiyyətlərini həyata keçirməyə başladıqda Vəfa təkcə öz prezidenti üçün deyil, şəxsən mənim üçün də müdrik müşavir oldu. Nəhayət, o, həm də dost idi.

Elçibəy hökuməti devrildikdə Heydər Əliyev müdrikliklə Vəfanı müşaviri olaraq saxladı.

Bütün bu sarsıntılar zamanı Vəfa müdrik məsləhətlər mənbəyi və vətənpərvər azərbaycanlı olaraq qalırdı. Bu zaman o, milliyyətçilrə və ideoloqlara qarşı radikal deyildi. Qısacası, o, etibar olunacaq bir insan olaraq qalırdı.

O, "yox” deyəndə "yox”, "hə” deyəndə də "hə” nəzərdə tuturdu. Bu, təbii hal kimi görünə bilər, amma diplomatiya dünyasında bu, nadir və dəyərli bir xüsusiyyətdir. Bu gün onun ailəsinə, Azərbaycandakı dostlarına başsağlığı verirəm. Vəfanın yoxluğunu çox hiss edəcəyəm”, deyə Riçard Maylz bildirib. 

.

contact.az

.

Maybe you are interested in:

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Sabitliyin ən yaxşı zəmanəti repressiyalar deyil, demokratiyadır

Konqresdə debatlar: Əliyev siyasi məhbusları azad etməli və ya sanksiyalar gözləməlidir

Amerikalı analitiklər Bakıya qarşı sanksiyaların tətbiqinə çağırıblar

ABŞ səfirliyi: Biz Azərbaycanın dostuyuq

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz