Konqresdə debatlar: Əliyev siyasi məhbusları azad etməli və ya sanksiyalar gözləməlidir
Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının xarici işlər komitəsində Azərbaycandakı vəziyyətə həsr olunmuş dinləmələr keçirilib.
Rəsmi Bakı mətbuat və vətəndaş cəmiyyəti azadlığını boğduğuna görə tənqidə məruz qalır, deyə Turan-ın müxbiri bildirib.
"Rusiya və İran arasında mürəkkəb qonşuluq şəraitində və "sandviç” vəziyyətində olmaq o demək deyil ki, Azərbaycanın hüquqları pozması bağışlanacaq”, deyə Avropa və Avrasiya üzrə Alt Komitənin sədri Dana Rorabaxer bildirib.
ABŞ-ın Azərbaycandakı maraqlarına toxunan Rorabaxer qeyd edib ki, "Azadlıq Radiosunun Bakı ofisinin ələ keçirilməsi, eləcə də jurnalistlərin həbsləri yolverilməzdir. Azərbaycan hakimiyyəti belə addımlarla mətbuat azadlığını və ictimai müzakirələri məhdudlaşdırır”.
Rorabaxer həmçinin çətin anda hüquq müdafiəçisi Emin Hüseynova kömək etməkdən imtina edən ABŞ-ın Bakı səfirliyini tənqid edib. Onu həbsdən İsveçrə səfirliyi gizlədib.
"Hökumətin bu günlərdə vətəndaş cəmiyyətini və müstəqil KİV-i sarsıtmaq cəhdlərindən çox narahatam... Səslərini açıq-aşkar qaldıran vətəndaşlar olmadan demokratiya olmur”, deyə öz növbəsində Nyu Cersili konqressmen Albio Sayers bildirib.
Nyu Yorklu demokrat Qreqori Miks deyib ki, İlham Əliyev və komandası "bilməlidir ki, biz onların vətəndaş cəmiyyəti üzvlərinə münasibətindən narahatıq”.
Azərbaycan səfiri və digər rəsmi şəxslər dinləmələrə gəlməyiblər, eyni zamanda səfirlik işçiləri və hökumətyönlü KİV iştirak edib və bütün baş verənləri yazıb.
Massaçusetsdən olan konqressmen Vilyam Kitinq də Bakıda jurnalistlərin həbsini tənqid edib və anti-Amerika kampaniyasının yolverilməz olduğunu qeyd edib. "Bütün bunlar Azərbaycan hakimiyyətinin planları və niyyəti haqqında ciddi suallar və narahatlıq doğurur. Xüsusən, onlar ABŞ-ın tərəfdaşı olmaq istəyirmi? Buna görə Obama administrasiyası "Əliyev hökuməti ilə əlaqələrində bu narahatlığı qəti şəkildə qeyd etməlidir”, deyə o əlavə edib.
Kennan institutundan ekspert Odri Olştadt qeyd edib ki, "bu gün Azərbaycan demokratik ölkə deyil” və bu ölkənin hökuməti sistemli şəkildə demokratik normalardan uzaqlaşır.
"ABŞ insan hüquqları və demokratiya pozuntularını bağışlamamalı və Azərbaycanda demokratik hərəkatları və qrupları daha çox dəstəkləməlidir”, deyə o bildirib.
Əliyev rejiminin tənqidçiləri təqiblərə məruz qalır və ya həbsə düşür və bu təmayül 2014-cü ildə daha da güclənib. Azərbaycanda indi 100-ə yaxın siyasi məhbus, o cümlədən hüquq müdafiəçisi, junalist və hüquqşünas var. Bütün bunlar çox təhlükəlidir”, deyə o qeyd edib.
Olştadt xatırladıb ki, bütün bu proseslər 2003-cü ildən - İlham Əliyev hakimiyyətə gəldikdən sonra güclənməyə başlayıb. Lakin 2013-cü ildə onun üçüncü dəfə prezident seçilməsindən sonra repressiyalar güclənib.
Son vaxtlar Azərbaycan hakimiyyəti ABŞ-a hücuma keçib, onların anti-Amerika ritorikasının isə misli görünməyib. "ABŞ-ı Əliyev hökumətinin və Azərbaycanda vəziyyətin sabitliyini pozmaq cəhdində ittiham edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsini xatırlatmaq kifayətdir”, deyə Olştadt qeyd edib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib ki, Ramiz Mehdiyevin hərəkətləri ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşılaşması üzrə iyirmi illik səyləri pozub.
Çoxları 2013-cü il seçkilərindən sonra ABŞ-a və amerikalılara qarşı neqativ təmayülləri qeyd ediblər. Bu gün ABŞ və Azərbaycan arasında münasibətlər 5 il əvvəl olduğundan tamamilə fərqlənir. Geosiyasi və qlobal energetika vəziyyəti xeyli dəyişib. "Bu səbəbdən Azərbaycanın, eləcə də Xəzər regionunun rolu və əhəmiyyəti artıq ABŞ-ın enerji təhlükəsizliyi məsələsində o qədər də əhəmiyyətli deyil”, deyə Kozlariç qeyd edib.
O, ABŞ administrasiyasını ikitərəfli münasibətlərdə "abstrakt strateji tərəfdaşlıq” yerinə konkret məqsədlər və vəzifələr qoymağa çağırıb. Bu vəzifələrin həyata keçirilməsi strateji tərəfdaşlığın nə dərəcədə real olduğunu göstərəcək.
Belə vəzifələr arasında o, aşağıdakıları qeyd edib:
- Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədilə ciddi əməkdaşlıq və iki xalq arasında xalq diplomatiyasının bərpa edilməsi;
- Bakının demokratiyanın və beynəlxalq aləmdə qəbul edilmiş insan hüquqları standartlarının təmin edilməsi istiqamətində real addımları;
- 90-dan çox siyasi məhbusun azad edilməsi;
- 2015-ci il parlament seçkiləri ərəfəsində liberal-demokratik qüvələrə təzyiqə son qoyulması.
"Hazırda Azərbaycanda vəziyyət hər zamankindən daha pisdir. İrəliləyiş olmasa və siyasi məhbuslar azad edilməsə ABŞ höuməti bütün bu həbslərə və QHT-lərin, vətəndaş fəallarının və mətbuatın təqibinə görə məsul olan rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxmalı olacaq”, deyə Kozlariç qeyd edib.
Bakının xarici siyasəti məsələlərinin müzakirəsi zamanı iştirakçılar qeyd ediblər ki, Azərbaycanın hakim elitasının bəzi üzvləri xarici siyasət məsələlərində Rusiya ilə yaxınlaşmağa və Amerikanı tənqid etməyə, onu öz daxili problemlərində ittiham etməyə çalışacaq.
Lakin tarixi nümunələr göstərir ki, hakimiyyətin vətəndaşların problemlərini müzakirə etmək və həll etmək əvəzinə vətəndaş cəmiyyətini məhdudlaşdırmaq, boğmaq cəhdləri yalnız insanları radikallaşdırır. Polisin repressiyaları radikal əhval-ruhiyyəni gücləndirir və hakimiyyətin qaçmaq istədiyi "Bakı Maydanı”nı yaxınlaşdırır.
Con Hopkins universitetindən ekspert Svante Kornell hesab edir ki, 10 il əvvəl Bakı ABŞ-ın tənqidinə qarşı daha həssas idi.
Hazırki dinləmələrə gəlincə, onlar göstərir ki, ABŞ-da vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycan hökuməti ilə işi gücləndirmək lazım olduğunu daha çox anlayırlar.
"Hər iki tərəfdən addımlar lazımdır, amma ABŞ super dövlət kimi öz addımını atmalıdır”, deyə Turan-ın müxbiri ilə söhbətində Svante Kornell bildirib.
Riçard Kozlariç öz növbəsində Turan-a bildirib ki, Bakı tamamilə əsassız olaraq düz yerdə özü üçün əlavə problemlər yaradıb, xüsusən son aylarda.
Azərbaycan hökumətinin baş ideoloqu Əli Həsənovun Bakı və Vaşinqton arasında heç bir problem olmaması haqqında dünənki bəyanatını şərh etmək xahişinə cavabda Kozlariç qeyd edib ki, Əli Həsənovun ifadələrini həmişə diqqətlə izləyir.
"Mən ona daha çox oxumağı məsləhət görərdim, xüsusən, öz şefi Ramiz Mehdiyevin məqaləsini. Bakıda işlədiyim dövr ərzində və oradan qayıtdıqdan sonra heç vaxt Azərbaycanın yüksək vəzifəli məmurunun ABŞ-a belə meydan oxurcasına və açıq şəkildə hücum etməyib, bizi rəngli inqilab hazırlamaqda və beşinci kolonna yaratmaqda ittiham etməyib”, deyə Kozlariç qeyd edib.
.
Maybe you are interested in:
ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir
A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib