MEŞƏNİN TƏMİZ SUYU KƏNDƏ GƏTİRİLDİ
Yasab kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində reallaşan yeni su təchizatı sistemi istifadəyə verildi.
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə rayonumuzda bir neçə layihə həyata keçirilib. Şəhər 5 saylı məktəbin tikintisini, Piral kəndində su təchizatı sisteminin təkmilləşdirilməsini, "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" əsasında Qusar şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması layihələrini buna misal çəkmək olar. İyunun 3-də "gündoğar ölkənin” maliyyə yardımı ilə "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində reallaşan növbəti layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir. Mərasimi açan "Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Rasim Allazov əsas məqsədin bu kənddə su təminatının daha da yaxşılaşdırması olan layihənin icrası barəsində məlumat vermişdir. O bildirmişdir ki, 103 min ABŞ dolları maliyyə civarında olan layihəyə görə Yasabın üstündəki meşədən 9 kilometri ana xətt olmaqla 13 kilometrlik su xətti çəkilmiş, 50 tonluq su anbarı, 2 supaylayıcı qurğu quraşdırılmışdır. Kənddə daha 2 yeni bulaq qurularaq onların sayı 37-ə çatdırılmışdır. Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi onun hökumətinin belə xeyirxah layihələri həyata keçirməyə həmişə hazır olduğunu söyləmiş, bu gün insanların xoşbəxt çöhrələrini görməkdən məmnun qaldığını bildirmişdir. O, qəti əmindir ki, bu kimi layihələrin icrası Yaponiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır. Yaponiya hökumətinin elçisinə minnətdarlıq edən Qusar RİH-nin başçısı Şair Alxasov müstəqil ölkəmizin dünyanın ən inkişaf etmiş bir dövləti ilə dostluq və əməkdaşlıq etməsinin indiki və gələcək nəsillər üçün əhəmiyyətli olduğunu, "gündoğar ölkənin” yüksək texnologiyalarının, ekoloji layihələrinin dünya xalqları üçün mühüm önəm daşıdığını diqqətə çatdırmışdır. Rayon rəhbəri ötən il bu ölkəyə səfərini məmnunluqla xatırladığını, yapon xalqının qonaqpərvərliyinə, işgüzarlığına heyran qaldığını bildirmişdir. Mərasimdə söz alan kənd sakinləri su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılığını ifadə ediblər. Qusar RİH-nin başçısı Şair Alxasov və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi yeni bulağın açılışını bildirən qırmızı lenti kəsmiş, mənbəyini meşədən götürərək kəndə gətirilən təmiz bulaq suyunu dadmışlar. Açılış mərasimindən sonra qonaqlar və kənd sakinləri yeni su təchizatı sistemi ilə yaxından tanış olublar.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
FONDUN NÖVBƏTİ İŞGÜZAR FORUMU
Kredit bürosunun bəxti nə vaxt açılacaq?
Parlament xarici donorlar üçün tələbləri sərtləşdirib
“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”
Şərh əlavə edin