Avropa Şurasının rəhbəri İlqar Məmmədovun azad edilməsini tələb edir
AŞPA sədri Ann Brasser yenidən Azərbaycan hakimiyyətinə ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədovu azad etmək çağırışı ilə müraciət edib.
Ann Brasser xatırladır ki, AŞ Nazirlər Komitəsi ötən həftə Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi məsələsinə baxıb. İclasda qeyd edilib ki, Azərbaycan Avropa Məhkəməsinin İlqar Məmmədovun azad edilməsi haqqında qərarı icra etməməkdə inad etməyə davam edir.
"İlqar Məmmədov dərhal azad edilməlidir. Avropa Şurasının bütün əsas qurumları Azərbaycan hakimiyyətindən beynəlxalq öhdəliklərini yerinə yetirməsini, konkret olaraq vətəndaş cəmiyyətinə və hökumətin tənqidçilərinə qarşı repressiyalara son qoymağı gözləyir”, deyə o qeyd edib.
Xatırladaq ki, dekabrın 8-9-da AŞ Nazirlər Komitəsi iclas keçirib, AŞ üzvü olan dövlətlərin Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməsi məsələsini müzakirə edib.
İlqar Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllıda iğtişaşlar yaratmaq ittihamı ilə həbs edilib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ilin mayında Avropa Məhkəməsi İlqar Məmmədovun həbsini əsassız hesab edib və Azərbaycanı onu azad etməyə çağırıb. Sonradan Tofiq Yaqublu barəsində də analoji qərar çıxarılıb.
.
Maybe you are interested in:
Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir