XİN ABŞ tərəfindən sanksiya təhlükəsinə zəif cavab verib
ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim edilmiş "Azərbaycan Demokratiya Aktı” layihəsi tam şəkildə antiazərbaycan xarakter daşıyır və qəbuledilməzdir. Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında deyilir. Onun sözlərinə görə, "bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər”.
XİN-in şərhində həmçinin bildirilir ki, bu sənədin müəllifləri "Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər”.
"Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP/TANAP qaz boru xətləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasət müəyyən antiazərbaycan dairələri ciddi şəkildə narahat edir”, Hikmət Hacıyev belə hesab edir.
Sonda o qeyd edib ki, Azərbaycanda qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub.
Xatırladaq ki, qanun layihəsi insan hüquqlarının pozulmasına görə Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.
.
Maybe you are interested in:
Kris Smit: “Bakının ittihamları yalnış və gülüncdür”