Azərbaycan qəzeti: Almaniya bu gün: hegemon, yoxsa vassal?
Rəsmi dövlət qəzeti "Azərbaycan” son günlər dərc etdiyi anti-Amerika redaksiya məqalələrindən sonra bu gün Almaniyanı hədəfə alıb.
Qəzetin "Almaniya bu gün: hegemon, yoxsa vassal?” başlıqlı iki səhifəlik redaksiya məqaləsində Almaniya hökumətinə, o cümlədən şəxsən kansler Angela Merkelə qarşı kəskin ittihamlar və təhqirlər yer alır.
Merkel və Hitler arasında müqayisə aparılır, Dördüncü Reyxin Avropaya ekspansiyasından, qitədə Almaniyanın hegemonluğundan danışılır.
İkitərəfli münasibətlərə toxunan "Azərbaycan” qəzeti belə bir nəticəyə gəlir ki, ölkə arasındakı münasibətlər mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində müsbət tendensiyalı olub və Almaniyanın 150 şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərib, Berlin isə həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib.
Lakin 2011-ci ildən etibarən, ABŞ-ın təhriki ilə Bakı və Berlin arasında münasibətlər pozulmağa başlayıb, bu da Almaniya KİV-lərinin Bakının ünvanına tənqidində və alman QHT-lərinin aqressiv davranışında özünü büruzə verib. İnsan hüquqları və demokratiyanın müdafiəsi adı altında Azərbaycanı öz təsirləri altına almaq istəyirdilər, deyə məqalədə iddia edilir.
Bu, ən yüksək səviyyəli görüşlərdə belə tənqidlərin azalması üçün tədbirlərin görülməsi barədə məsələlərin müzakirə olunmasından sonra baş verib. Amma bunun əvəzinə, "Şpigel” qəzeti, ARD kimi aparıcı KİV-də Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırıldı və total qarayaxma kampaniyasının tərkib hissəsinə çevrildi. Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşdi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter aldı.
Almaniya hökumətinin Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrilib. Bakıda müxalifətçilərlə görüşlərdə o, Almaniyanın Azərbaycanda islahatlar üçün hər cür dəstəyi göstərəcəyinə inandırıb.
Daha sonra materialda Almaniya XİN rəhbəri Guido Vestervellenin, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət başçıları və fəalları ilə davamlı təmasları xüsusi qeyd edilir. "Bu görüşlər onu deməyə əsas verirdi ki, Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya həyata keçirməyə başlamışdı”. Məhz bu məqsədlə Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə Xalq Cəbhəsi Partiyasının rəhbərliyi ilə yaxşı münasibətləri olan Mixael Link təyin edilib, partiyanın lideri Əli Kərimli isə Linki hətta "dostu” adlandırıb.
Daha sonra materialda deyilir ki, İlham Əliyev şəxsən Almaniya tərəfə narazılığını bildirib, amma tənqidi materiallara son qoyulmayıb.
"Eurovision” dövründə müşahidə olunan proseslərin təhlili göstərib ki, Almaniyanın Azərbaycanla bağlı ciddi planları mövcuddur.
"Qərb nəyin bahasına olursa olsun Cənubi Qafqazın yeganə müstəqil siyasət yürüdən ölkəsinin müqavimətini qırmağa və onu öz təsir dairəsinə daxil edərək geostrateji əhəmiyyətə malik regionda dominant mövqe əldə etməyə böyük səy göstərir”, deyə məqalədə qeyd edilir.
ABŞ-ın təsiri altında olan Almaniya Azərbaycana qarşı riyakar siyasət həyata keçirir. İlk dəfə bu, prezidenti İlham Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı özünü büruzə verib. Əliyev və Merkelin mətbuat konfransına əlində Azərbaycan əleyhinə plakat olan insan daxil olub.
Material müəllifləri Angela Merkelin nəzarəti altında olan Parlament fraksiyaları və Avropa qurumları vasitəsilə Azərbaycana qarşı tənqidi dəstəkləməsini başqa bir "dəlil” hesab edirlər.
Avropa Oyunlarının başlaması ərəfəsində Bundestaqda Azərbaycandakı vəziyyət haqqında dinləmələr keçirilməsi bunun təsdiqi olub. Burada Amerika-Almaniya alyansının silueti tam aydın görünüb. Niyə bu dinləmələr başqa ölkələrin yox, məhz Almaniyanın parlamentində keçirildi? "Hər halda bu, Angela Merkel hakimiyyəti üçün əsl rəzalətdir”, qəzet belə bir qənaətə gəlir.
Qərb KİV-lərində çoxsaylı tənqidi nəşrlər hökumətlərin göstərişi ilə çıxıb, Qərb QHT-ləri koalisiyalarının "konkret cinayətlərə görə həbs edilmiş beşinci kolon” üzvlərinin azad edilməsini tələb edən bəyanatları da həmçinin.
Amerikanın təsiri altında olan Nils Mujnieks, Dunya Miyatoviç, Ulrike Lunaçek, Elmar Brok və digərləri Qərbdə olan "kosmopolit dairələrlə” birgə bu kampaniyaya qoşulub.
Bu kampaniya ABŞ-dan idarə olunurdu, CNN müxbiri Kristian Amanpur və U2 ansamblı, şoumen Con Liver kimi təsir agentləri də kampaniyaya qoşulub.
Material Almaniyanın suverenliyini itirdiyi və ikinci dünya müharibəsindən sonra ABŞ-ın təsiri altında olması haqqında fikirlə yekunlaşır. Berlinin hazırki siyasəti Avropaya öz hegemonluğunu qəbul etdirməyə yönəlib. "Lakin Azərbaycan nefti bu işdə Almaniyaya kömək etməyəcək”, deyə material müəllifləri təntənəli şəkildə vəd edir.
"Azərbaycan da bundan sonrakı dövrdə kiminlə əlaqələri necə qurmağı, kimə inanıb, kimə inanmamağı yaxşı ölçüb-biçəcək”, materialın dərin mənalı nəticəsi bundan ibarətdir.
.
Maybe you are interested in:
“Azadlıq” qəzetinin çapı dayandırılır
Rəsmi Bakı ABŞ-la qarşıdurmadan qaçır
Human Rights Watch: Merkel Əliyevə təzyiq göstərməlidir