Dövlət Departamentinin insan hüquqlarına dair hesabatında Azərbaycanda ciddi problemlərin olduğu bildirilib
ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatını açıqlayıb.
Azərbaycana həsr olunan bölmədə əsas hüquqların – ifadə, toplaşma, söz azadlığı, əmək hüquqları və azlıqların hüquqlarının təminatında ciddi problemlərin olmasından xəbər verən faktlar göstərilib.
Hesabatda qeyd olunur ki, Ermənistanı dəstəkləyən separatçılar Dağlıq Qarabağ və onun ətrafında digər 7 bölgəyə əvvəlkitək nəzarət edir. Nəticədə 622 min köçkün problemi qalmaqdadır.
Eyni zamanda il ərzində insan hüquqları sahəsində müəyyən problemlər olub: ifadə, toplaşma və birləşmə azadlığına dövlət məhdudiyyətlərinin artırılması. Bu, qorxutma, azadlıqdan məhrumetmə, şübhəli ittihamlar, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı şübhəli ittihamlarda özünü göstərir.
Hakimiyyət fəalların və QHT üçün məkanın gələcəkdə daralması üçün qanunvericilik, təzyiq və digər tədbirlərə əl atır.
Hakimiyyət özgəfikirliləri cəzalandırmaq üçün məhkəmə sistemindən istifadə edib. Bura özbaşına həbslər, siyasi motivli həbslər, məhkəməyə qədər uzunmüddətli saxlamalar daxildir.
İnsan hüquqları sahəsində digər problemlər orduda fiziki zorakılıq, həbsxanalarda sui-istifadə halları, həyat üçün təhlükəli olan saxlama şəraiti, ordersiz saxlama halları mövcuddur.
Hakimiyyət mülkiyyət hüquqları ilə bağlı lazımi prosesi təmin edə bilmir ki, nəticədə də qanunsuz köçürülmələr, binaların şübhəli əsaslarla sökülməsi, əmlaka görə kompensasiyanın yetərincə olmaması halları baş verib.
Hökumət tərəfindən özəl həyata müdaxilələr, dini xadimlərin həbslər barədə məlumatlar daxil olub.
Siyasi həyatda iştiraka məhdudiyyətlər davam edir. Bütün səviyyələrdə hakimiyyətdə geniş yayılmış korrupsiyada ittihamlar davam edib. Lakin bəzi dövlət müəssisələri yerli səviyyədə kiçik korrupsiyanı azaltmaq üçün tədbirlər görüblər.
İnsan hüquqları sahəsində QHT-lərin qeydiyyatı üçün rəsmi əngəllər barədə məlumatlar daxil olmaqda davam edib.
İnsan hüquqlarını pozan məmurların əksəriyyətinin təqib edilməsi və ya cəzalandırılması üzrə tədbirlər görülməyib.
Hüquq müdafiəçiləri təhlükəsizlik qüvvələri ilə bağlı 324 şikayətin olduğunu bildiriblər. 4 işgəncə halı ölümlə nəticələnib.
Hesabatda göstərilib ki, ən amansız davranış saxlanılan şəxslərin polisdə olduqları müddətdə baş verib.
Avqustun 11-də polis müxalifətçi Murad Adilovu saxlayıb. Ondan öz qardaşı, jurnalist Natiq Adilova böhtan atmaq tələb olunub.
Hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, hakimiyyət onu və onun ərini həbsdən öncə zorlama ilə hədələyib.
Həbsdən sonra L.Yunus təzyiqlər, döyülmə, administrasiya və polis agenti tərəfindən mənəvi terrora məruz qaldığını bildirib.
Həbsdə NİDA gənclər hərəkatının 7 üzvünə, hüquq müdafiəçisi İntiqam Əliyevə və digər fəallara qarşı amansız rəftar olub.
Yerli mənbələr həbsxanalarda saxlama şəraitinin pis olmasından, antisanitariya, pis hava, sıxlıq, pis tibbi yardım barədə bildirirlər.
Hökumət ölkədə siyasi məhbusun olmadığını bildirir. Lakin yerli və beynəlxalq QHT onların sayının 24-135 nəfərədək olduğunu bildirir.
Hakimiyyət REAL hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılması barədə Avropa məhkəməsinin qərarına məhəl qoymur.
Leyla Yunus kimi casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirov, həmçinin araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın həbsi özbaşına həbslər sırasındadır.
Ölkədə 12 jurnalist və bloger həbsdədir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Azadlıq” radiosunun Bakı ofisini pozucu fəaliyyətdə ittiham edib. Bundan sonra polis ofisdə axtarış aparıb, bütün sənədləri və kompüterləri götürüb, redaksiya əməkdaşlarını çoxgünlük dindirmələrə məruz qoyub.
R.Mehdiyev jurnalistləri, o cümlədən X.İsmayılovanı dövlət əleyhinə fəaliyyətdə ittiham edib, sonra isə həbs edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov da analoji aqibətlə üzləşib. O gizlənməyə məcbur olub.
Hökumət Media Hüququ İnstitutunu bağlamalı olub.
Yerli müşahidəçilər il ərzində 64 jurnalistə qarşı fiziki hücumların olduğunu bildiriblər. Avqustun 21-də Naxçıvanda Turan agentliyinin və Demokratiya üzrə Resurs Mərkəzinin müxbiri İlqar Nəsibov döyülüb.
Bakıda "Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu tələbələrin mitinqinin dağıdılması zamanı zorakılığa məruz qalıb.
Qəzet və jurnalistlərə qarşı cərimələrin ümumi həcmi 255 min manat təşkil edib.
Müstəqil və müxalifət qəzetlərinin əksəriyyəti maliyyə səbəbindən kritik durumdadır. Bu səbəbdən aparıcı rusdilli "Zerkalo” qəzeti bağlanıb, "Azadlıq” qəzeti maliyyə çatışmazlığı ilə üzləşib.
Hesabatda həmçinin dini etiqad, sərbəst hərəkət etmək hüquqlarının pozulmasına dair faktlar açıqlanıb.
.
Maybe you are interested in:
Niyə Cənubi Qafqazda insan hüquqları pozulur?