Niyə Cənubi Qafqazda insan hüquqları pozulur?
Bu gün Bakıda keçirilən "Cənubi Qafqazda insan hüquqları və münaqişələr” adlı konfransda Azərbaycan və Gürcüstanda insan hüquqlarının vəziyyəti müzakirə mövzusu olub.
Tədbir Fridrix Ebert Fondunun dəstəyilə Helsinki Vətəndaş Assambleyası (HVA) tərəfindən təşkil edilib.
Görüşü açan HVA həmsədri Arzu Abdullayeva təəssüflə bildirib ki, Cənubi Qafqaz ölkələrində demokratiya anlayışı təftiş edilir və əsl mənasından deyil, başqa cür qəbul olunur. Region dövlətlərində vətəndaş cəmiyyətinin özünü reallaşdırması, ictimai nəzarət üzrə təyinatını yerinə yetirməsi problemi mövcuddur.
Gürcüstanın "Keçmiş siyasi məhbuslar insan hüquqları uğrunda” Fondunun rəhbəri Nana Kakabadze öz ölkəsində insan hüquqları ilə bağlı problemlərdən danışıb.
Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstanda parlament seçkiləri zamanı ilk dəfə olaraq dinc yolla hakimiyyət dəyişikliyi baş verib və Mixail Saakaşvilinin "antidemokratik idarəçiliyi”nə son qoyulub.
Əgər Saakaşvilinin vaxtında parlament SSRİ dövrünün Ali Soveti kimi fəaliyyət göstərirdi və prezident hakimiyyətinin göstərişi ilə qanunlar qəbul edirdisə hazırda parlament 6 partiyadan ibarət koalisiyadan formalaşdırılıb və müstəqildir.
Əvvəlki rejimdə vətəndaşlara total nəzarət vardı, onlar dövlət səviyyəsində reketə məruz qalırdılar. Gürcüstan məhbusların sayına görə Avropada birinci yeri tuturdu – 25 min nəfər. Hər 100 min nəfərə 600 nəfər düşür. Avropa standartlarına görə, 100 min nəfərə 150 nəfər düşür.
Hakimiyyət dəyişikliyindən sonra DİN-də vətəndaşların izlənməsi, dinlənilməsinə dair 3 min fayl tapılıb.
Yeni hakimiyyətin dövründə yaxşılaşma olsa da problemlər həllini tapmayıb. Ədalətin bərpası ilə bağlı vətəndaşların gözləntiləri özünü tam doğrultmayıb.
Siyasi məhbuslar azad edilib, lakin onlar prokurorluq və məhkəmələrdə tam reabilitasiyaya nail ola bilmirlər. Hökumət də kompensasiya xərclərindən ehtiyat edərək buna maraq göstərmir.
Penitensiar Xidmətin keçmiş rəisi cəmi üç il müddətinə azadlıqdan məhrum edilib. Səbəb isə tabeliyində olduğu şəxslə qeyri-etik davranması olub. Halbuki, onun vaxtında həbsxanalarda işğəncə praktikası yayılmışdı.
Kakabadzenin fikrincə, Qərb əvvəlki hakimiyyətin qanunsuz əməllərinin araşdırılmasında maraqlı deyil. Çünki hər zaman Saakaşviliyə himayədarlıq edərək onu "demokratiyanın mayakı” adlandırıb.
Məcburi Köçkün Qadınlar Assosiasiyasının rəhbəri Yuliya Xarişvili qeyd edib ki, yeni hakimiyyət vətəndaş cəmiyyəti ilə əlaqə qursa da praktikada bu dialoqun nəticəsi azdır.
Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu diqqəti Azərbaycanda siyasi məhbuslar probleminə yönəldib.
O ümidvar olduğunu bildirib ki, siyasi məhbusların xeyli hissəsi ilin sonunadək azad ediləcək, gələn il isə müəyyən islahatlar başlayacaq.
Onun fikrincə, bu addımlar cəmiyyətdəki gərginliyi aradan qaldıra, vətəndaşlar arasında qarşılıqlı inama və konsolidasiyaya xidmət edə bilər.
Günün ikinci yarısında konfransda Cənubi Qafqazda münaqişələrə dair məruzələr müzakirə olunacaq.
.
Maybe you are interested in:
Arzu Abdullayeva beynəlxalq nüfuzlu mükafata layiq görülüb