İnsan hüquqlarının pozulması fonunda seçkilər demokratik ola bilməz
Qanun pozuntuları ilə müşaiyət olunan və fundamental insan hüquqlarının ciddi şəkildə məhdudlaşdırılması və çox sayda siyasi məhbusun olması fonunda keçirilən 1 noyabr parlament seçkiləri ədalətli və azad hesab oluna və xalqın iradəsini əks etdirə bilməz. Noyabrın 10-da Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi tərəfindən Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli komitəsinin ofisində təşkil etdiyi "Seçkilər ilində insan hüquqları sahəsində vəziyyət" mövzusunda dəyirmi masada səslənən əsas fikir bundan ibarət olub.
Müzakirələri açan HVA AMK rəhbəri Arzu Abdullayeva son 10 ildə ölkədə insan hüquqları sahəsində vəziyyətin durmadan pisləşdiyini qeyd edib.
"Son il yarımdır vətəndaş cəmiyyəti üçün vəziyyət dəhşətli olub - aparıcı hüquq müdafiəçiləri həbs olunub, QHT sahəsində məhdudlaşdırıcı qanunlar qəbul edilib, ictimai birliklərdə kütləvi yoxlamalar həyata keçirilib və onların bank hesabları dondurulub", deyə o bildirib.
MSK üzvü, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov insan hüquqları kontekstində parlament seçkiləri haqqında məruzə ilə çıxış edib. Bundan əvvəl o, seçkilərin qanunvericilik bazasının mükəmməl olmadığını qeyd edib.
2003-cü ildə seçki qanunvericiliyi, seçki komissiyalarının formalaşdırılması prinsipi istisna olmaqla, ATƏT standartlarına uyğun idisə, son 12 ildə Seçki Məcəlləsi 17 dəfə dəyişdirilib, 200 düzəliş edilib. Nəticədə seçki kampaniyasının müddəti, namizədlərin hüquqları məhdudlaşdırılıb, seçkilərdə hüquq pozuntularından şikayət vermək imkanları daraldılıb.
Toplaşma azadlığı sahəsində vəziyyət di pisləşib, 2012-ci ildə icazəsiz mitinqlərdə iştiraka görə cərimələr yüz dəfələrlə artırılıb ki, bu da nümayişlər keçirilməsini qeyri-mümkün edib.
Seçkilərdən Seçkiləri Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi kimi müstəqil yerli QHT-lərin müstəqil monitorinq aparmaq imkanı aradan qaldırılıb.
Hakimiyyət uydurma səbəblərlə ATƏT DTİHB tərəfindən monitorinqə də mane olub, nümayəndə heyətinin sayını 380-dən 125-ə endirməyi təklif edib.
Eyni zamanda, hakimiyyət başqa qurumlardan 500-dən çox müşahidəçinin akkreditə edib.
Bu şəraitdə Demokratik Qüvvələrin Milli Şurası seçkilərdə iştirakdan imtina edib. Digər müxalifət qüvvələri seçkilərə gedib, amma namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsindəcə problemlərlə üzləşiblər. Müxalifətçilərin xeyrinə imza vermiş seçicilərə təzyiq göstərilib, onlardan aldadıldıqları barədə ərizələr alınıb.
46 dairədə müxalifət namizədləri olmadığına görə seçkilər ümumiyyətlə alternativsiz olub. Seçkiqabağı təşviqat üçün imkanlar ciddi şəkildə məhdudlaşdırılıb. İlk dəfə olaraq televiziyada təşviqat üçün pulsuz efir olmayıb. Pullu təşviqat üçün çox yüksək qiymətlər müəyyən edilib - bir dəqiqə praym-taym üçün 3500 manat.
25 dairədə seçkiləri müşahidə edən DTİ qismən müstəqil monitorinq aparmağa çalışıb. Monitorinq ciddi pozuntular - seçici iştirakının süni olaraq iki dəfə artırılmasını, karusellər, bülletenlərin kütləvi şəkildə atılmasını və s. müəyyən edib. DTİ belə bir nəticəyə gəlib ki, seçkilər azad, ədalətli, demokratik olmayıb və xalqın iradəsini əks etdirməyib.
Turan agentliyinin direktoru Mehman Əliyev "Seçkilər zamanı medianın vəziyyəti" mövzusunda məruzə ilə çıxış edərək, qeyd edib ki, seçkilər azad mediaya təzyiq, 9 jurnalist və 6 blogerin həbsdə olması fonunda keçirilib.
Seçkidən əvvəlki aylar alternativ fikir yayan və jurnalist araşdırmaları aparan media resurslarına - Azadlıq Radiosuna, Meydan TV-yə, "Azərbaycan saatı" proqramına təzyiqlərin güclənməsi ilə səciyyələnib.
Ölkə KİV-i 99% hakimiyyətin nəzarəti altındadır və təbliğat vasitəsinə çevrilib.
Seçkiqabağı təşviqat zamanı teledebatlar - demokratik seçkiləri ayrılmaz hissəsi olmayıb. İctimai televiziya pullu seçkiqabağı təşviqat üçün bir dəqiqəyə 3500 manat tarif müəyyən edib, bir halda ki, İTV-də ticari reklam 1200 manat, endirimlə isə 300-400 manatdır.
Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Penitensiar Sistemdə vəziyyət haqqında danışıb. Azərbaycan həbsxanalarında vəziyyət Stalin dövründəkindən çox az fərqlənir. Məhbuslar on illərlə əvvəl tikilmiş kameralarda saxlanılır, işgəncələr və pis davranış adi haldır. Tibbi xidmət pisdir və rüşvətxorluq var. Stalin kazematlarından yeganə fərq məhbusların telefonla danışmaq imkanıdır, deyə Həsənov bildirib.
"Xural" qəzetinin rəhbəri, keçmiş vicdan məhbusu Əvəz Zeynalov Həsənovun məhbusların tamamilə hüquqsuz olduğu barədə sözlərini təsdiq edib. Rüşvətxorluqla əlaqədar bir çox məhbuslar
vaxtından əvvəl şərti azadlığa çıxa bilmir, deyə o bildirib. Məhbuslardan hər şey üçün - görüşlər, mobil telefondan istifadə, hamam və s. üçün pul alırlar.
Müzakirələrə yekun vuran Abdullayeva qeyd edib ki, hakimiyyət başa düşməlidir ki, vətəndaş cəmiyyəti ölkənin düşməni deyil. Əksinə, hakimiyyətin öz daxilində ölkəni gözdən salan qruplar var.
Abdullayeva AİHM-nin Tofiq Yaqublunun qanunsuz həbsi haqqında bu yaxınlarda çıxardığı qərarı və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi haqqında qətnamə layihəsinin qəbul edilməsini əhəmiyyətli adlandırıb.
Onun fikrincə, Azərbaycan hökuməti AŞPA-nın insan hüquqları ilə bağlı qərarlarını da yerinə yetirməlidir.
VCMK məhbuslara qarşı işgəncələrdə təqsirli olan Penitensiar xidmət işçilərinin cəzalandırılması məqsədilə prokurorluğa, həbs edilmiş fəalların və jurnalistlərin "akvariumlara" salınmaması üçün məhkəmələrə müraciət etmək niyyətindədir.
VCMK həmçinin Leyla Yunusun bədənindəki zorakılıq izlərindən və digər həbs edilmiş fəalların və jurnalistlərin səhhətlərindəki problemlərdən narahatdır.
.
Maybe you are interested in:
Arzu Abdullayeva beynəlxalq nüfuzlu mükafata layiq görülüb
Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir
Niyə Cənubi Qafqazda insan hüquqları pozulur?