AİHM E.Hüseynovun qətli işi üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb
Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci il martın 2-də qətlə yetirilmiş Monitor jurnalının redaktoru Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynovanın şikayəti üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.
AİHM-nin məlumatında deyilir ki, hazırda Norveçdə yaşayan R.Hüseynovanın bəyanatı 17 fevral 2010-cu il tarixində icraata qəbul edilib.
AİHM Azərbaycan hökumətinə sorğu göndərərək, cinayət işinin materiallarını tələb edib.
AİHM-də R.Hüseynovanın hüquqlarını Osloda fəaliyyət göstərən vəkil K.Roqnlien təmsil edir.
R.Hüseynova ərizəsində bildirir ki, həyat yoldaşı Azərbaycan prezidenti, hökumət üzvlərini və vəzifəli şəxsləri tənqid etdiyinə görə dəfələrlə mülki iddialar və cinayət işləri üzrə məhkəməyə cəlb olunub. Ona qarşı ümumilikdə 34 iş olub.
Hakimiyyət dəfələrlə onun rəhbərlik etdiyi nəşrin buraxılmasına maneə yaradıb.
R.Hüseynovanın sözlərinə görə, həyat yoldaşı müntəzəm olaraq hədələrə məruz qalırdı. Xüsusən, 2004-cü ilin yanvarında polis əməkdaşları onu qətllə hədələyərək, Azərbaycan prezidenti və onun ailə üzvləri haqqında nəşrlərə son qoymağı tələb ediblər.
2005-ci il mart ayının 2-də, axşam saat 9 radələrində Elmar Hüseynov işdən evə qayıdarkən yaşadığı binanın üçüncü mərtəbəsində - mənzilinin qarşısında 7 güllə ilə qətlə yetirilib.
Azərbaycan prezidenti də hadisənin ertəsi gün - martın 3-də verdiyi rəsmi bəyanatda hadisəni pisləyərək, bu qətli "ölkənin reputasiyasına böyük ləkə və Azərbaycanın demokratik inkişafına zərbə” kimi qiymətləndirib.
Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi cinayət işi açıb.
Martın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyəti başlanmış cinayət işi haqda məlumatlandırıblar.
2005-ci il aprelin 6-da cinayət işi qətdən adam öldürmədən CM-nin 277-ci (terror) maddəsinə tövsif olunub. Həmçinin cinayət işi Baş Prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib.
2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təzlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, T.Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub.
Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsilə birgə əməkdaşlıq çərçivəsində aparılıb.
2005-ci il mayın 20-də istintaq qətldə şübhəli bilinən daha bir şəxsin adını açıqlayıb – yenə Gürcüstan vətəndaşı olan Teymuraz Əliyev.
Rüşaniyyə Hüseynova istintaqın gedişatı haqqında məlumat verilməsi ilə bağlı müraciətlərinə cavab ala bilməyib.
Ərizəçinin sözlərinə görə, o, həyat yoldaşının hakimiyyət tərəfindən qətlə yetirildiyi barədə açıqlamalarına görə hadisədən sonra bir il təhdid altında olub. Bu səbəbdən də 2006-cı ildə ölkəni tərk edərək, Norveçdə sığınacaq alıb.
2008-ci ildə ərizəçinin vəkili, eləcə də Norveç Helsinki Komitəsi Azərbaycanın Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, Elmar Hüseynovun qətlilə bağlı cinayət işinə aid sənədlərin surətini istəyib.
Milli Təhlükəsizlik Nazirliyinin 18 iyul 2008-ci ildə ərizəçinin vəkilinə göndərdiyi cavab məktubunda yazılıb ki, o, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmadığından və notarial qaydada etibarnamə təqdim etmədiyindən sənədlərin surətini əldə edə bilməz.
2009-cu ilin mart ayında R.Hüseynova da buna bənzər cavab alıb.
R.Hüseynova hesab edir ki, həyat yoldaşının qətli Avropa Konvensiyasının 10-cu maddəsində zəmanət verilən ifadə azadlığının pozulmasıdır. O, həmçinin konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələri hüququ) maddəsinin pozulduğunu vurğulayır.
.
Maybe you are interested in:
2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib