MÜƏLLİM-ƏN UCA AD, ƏN ŞƏRƏFLİ PEŞƏ!
5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhər mədəniyyət sarayında təntənəli tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev onun iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı.
5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərarın ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verildiyini qeyd edən natiq ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 5-də imzaladığı sərəncama əsasən bu təqvimin hər il respublikamızda da təntənəli keçirildiyini diqqətə çatdırmışdır.
Natiq bildirmişdir ki, son illər milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursu həyata keçirilir. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi qara qızılın insan kapitalına çevrilməsi işi uğurla davam edir. Bu illər ərzində yaradılmış maddi-texniki, elmi və pedaqoji baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir.
2015-2016-cı dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli Sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" təsdiq olunub.
Müəllim günü münasibəti ilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup pedaqoji işçiyə fəxri fərman və hədiyyələr təqdim edildi.
Sonda rayon incəsənət ustalarının və şagirdlərin ifasında bədii hissə göstərildi.
.
Maybe you are interested in:
MİLLİ QURTULUŞDAN BAŞLANAN YÜKSƏLİŞ
SAĞLAMLIQ KEŞİKÇİLƏRİNİN BAYRAMI
Moskvada Ləzgi dili məktəbi
Şəki “Şəhər Günü”nə hazırlaşır