Vaşinqton Bakı və Yerevanı təmkinliyə çağırıb
ABŞ Azərbaycan və Ermənistanı iki ölkə prezidentinin bu ayın sonunda ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanan görüşü ərəfəsində sülh danışıqlarının davam etdirilməsi üçün atmosfer yaratmağa çağırıb.
ABŞ tərəfləri "prezidentlərin görüşündə danışıqlar üçün atmosfer yaratmaq və zorakılığa yol verməmək üçün bütün tədbirləri görməyə çağırır”, - dekabrın 9-da Dövlət Departamentinin nümayəndəsi Con Kirbi brifinqdə bildirib. Turan-ın müxbiri xəbər verib.
"Zorakılığın eskalasiyası və ağır silahların tətbiqi yolverilməzdir. Biz tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, - o vurğulayıb və bu yaxınlarda baş vermiş insidentlər zamanı həlak olanların ailələrinə başsağlığı verib.
"Biz həmçinin tərəflərə xatırladırıq ki, bu hücumlar Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olması ilə uyğun deyil”, - o əlavə edib.
"Vaşinqton Türkiyə və Rusiya arasında gərginliyin artmasından narahatdırmı və bu, Qarabağda gərginliyin eskalasiyasına təsir edəcəkmi” sualının cavabında Kirbi deyib: "Məlumdur ki, biz hər iki halda gərginliyin eskalasiyasını görmək istəmirik və sağlam düşüncəli addımların atılmasını istəyirik”.
.
Maybe you are interested in:
Moskva Bakı və Yerevanı kompromisə çağırır
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı