Milli Məclis ABŞ Konqresinə “simmetrik” cavab hazırlayır
Parlamentin hüquq siyasəti üzrə komitəsinin sədr müavini Rövşən Rzayev "ABŞ-da insan hüquqlarının vəziyyəti” adlı qanun layihəsi hazırlayıb. Sənəd ABŞ Konqresinin Helsinki Komissiyasının insan hüquqlarının pozulmasına görə hökumətə qarşı sanksiyalar nəzərdə tutan "Azərbaycanda Demokratiya Aktı 2015” layihəsini təqdim etməsindən bir həftə sonra ortaya çıxıb.
Azərbaycanlı deputatın qanun layihəsində ABŞ-da isnan hüquqlarının pozulmasından, irqi və dini ayrı-seçkilikdən danışılır.
Amerikanın xüsusi xidmətlərinin cəmiyyət üzərində total nəzarət qurduğu, söz və mətbuat azadlığını məhdudlaşdırdığı iddia olunur. Bu zaman müəllif Edvard Snoudenin sözlərinə istinad edir.
Daha sonra ABŞ-da korrupsiyadan və seçkilərin saxtalaşdırılmasından, Amerikanın seçki sisteminin mükəmməl olmamasından danışılır.
Həmçinin, ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv mövqeyi qeyd edilir.
Bu əsaslarla Rövşən Rzayev hökumətdə təmsil olunmuş şəxslərə və onların ailə üzvlərinə, Azərbaycanı gözdən salan konqresmenlərə, senatorlara, KİV rəhbərlərinə, lobbiçi qruplara və onların ailə üzvlərinə, ABŞ rəhbərliyi ilə əməkdaşlıqdan böyük maliyyə resursları alan şəxslərə və s. qarşı viza sanksiyaları tətbiq etməyi təklif edir.
Nazirlər Kabinetinə Azərbaycan dövlət qurumlarının Amerika şirkətləri ilə bütün əlaqələrini dayandırmaq, qüvvədə olan müqavilələri pozmaq və yeni ticari-iqtisadi əlaqələrdən imtina etmək tövsiyə olunur.
Amerika QHT-lərinin Azərbaycandakı proqramlarını dayandırmaq, onların bank hesablarını dondurmaq, energetika sahəsində, hərbi sahədə və təhlükəsizlik sahəsində əməkdaşığı dayandırmaq, Azərbaycanın Əfqanıstanda İSAF əməliyyatında iştirakını dayandırmaq, Əfqanıstanda əməliyyatların dəstəklənməsi üçün infrastrukturdan istifadəni qadağan etmək, ABŞ-ı ATƏT-in Minsk Qrupunun həmsdərliyindən çıxarmaq təklif olunur.
"Sözügedən problemlər həll edilərsə və ABŞ Qarabağ məsələsində beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirərsə, Ermənistana qarşı sanksiyalar tətbiq edərsə və Qarabağ separatçıları ilə əlaqələrə son qoyarsa, bu sanksiyalar aradan qaldırıla bilər”.
Turan-ın müxbiri ilə söhbətində Rövşən Rzayev qanun layihəsinin müəllifi olduğunu təsdiq edib. O, bunu ABŞ-ın erməni lobbisinin təsiri altında Qarabağ münaqişəsində ədalətsiz mövqe tutması ilə əsaslandırıb.
Eyni zamanda, Rzayev qeyd edib ki, o, hələlik bu qanun layihəsini təqdim etməyib, amma bunu ən qısa zamanda, bəlkə də ilin sonuna qədər edəcək.
.
Maybe you are interested in:
Daha bir konqresmen "Azərbaycanda Demokratiya Aktı"nı dəstəklədi
Kris Smit: “Bakının ittihamları yalnış və gülüncdür”
Milli Məclis Amerika əleyhinə qanun layihəsini çıxarır