Güney Azərbaycan milli hərəkatı kinetik gücə dönməlidir
İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Güney Azərbaycan Milli Hərəkatının gələcək taleyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) bu gün Beynəxalq Mətbuat Mərkəzində (BMM) təşkil etdiyi dinləmələrin əsas müzakirə mövzusu idi.
"Sanksiyalar aradan qaldırıldıqdan, İran dünya ticarətinin tam hüquqlu subyekti olduqdan sonra Güneydə milli hərəkatı əzmək fürsəti qazanır”, - deyə DAK həmsədri Sabir Rüstəmxanlı bu məsələdə mövcud duruma toxunub. Digər tərəfdənsə, DAK həmsədri milli hərəkatın taleyini dünya birliyinin İrana münasibətindən asılı olmayan bir məsələ kimi dəyərləndirib.
"Güney Azərbaycan Milli Hərəkatı hələlik potensial gücdür və kinetik gücə dönməyib”, deyə natiq Nazim Cəfərsoy hərəkata dəyər verib. Onun fikrincə, İrana qarşı sanksiyaların aradan qaldırılması hərəkat üçün həm risk, həm də fürsətdir.
"İran Qərblə yalnız nüvə məsələsində razılaşıb, amma mühüm olan daha iki məsələ var. Bunlardan biri geosiyasi iddialar, digəri insan haqları və demokratiya məsələsidir. Bu məsələdə İran-Qərb qarşıdurması davam edir və bu, İrana müsbət heç nə vəd etmir”, - deyə N.Cəfərsoy rəsmi Tehrana hərəkata münasibətdə sərt hərəkət etməyə imkan verilməyəciyini deyib. O, milli hərəkatda tükçülük xəttinin get-gedə güclənməsini Güney Azərbaycanda milli özünüdərkin güclənməsinin göstəricisi adlandırıb.
"Azərbaycan Qərb-Şərq, Şimal-cənub, Mərkəzi Asiya geosisyasi "savaşları”nın ortasındadır, bu situasiya düşünülmüş, ölçülü biçili siyasət tələb edir”. Bunu isə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib. O, ikiqütblü düzənin dağıldığını, birqütblü düzənin isə hələ başa çatmadığını xatırladıb. İndiki dünyada demokratik və qeyri-demokratik qüvvələrin üz-üzə gəldiyini deyən S.Əkbər burada doğru yer müəyyən etməyi əsas məsələ sayıb. "İran, Azərbaycan, Güney Azərbaycan öncə "demokratikləşmə imtahanı” verməlidir”, deyə S.Əkbər bütün problemlərin həlli üçün bu yolu məqbul saydığını söyləyib.
Müzakirələr zamanı fərqli fikirlər səslənsə də, hərəkatın qorunması və inkişaf etməsi məsələsində fikirlər birmənalı idi. Bununla yanaşı, milli hərəkatın dünya birliyinin əsas oyunçuları tərəfindən tanınması yönündə fəaliyyət göstərilməsi zərurəti xüsusi vurğulanıb. Çoxsaylı natiqlər bu məsələdə dünya birliyinin tərəfdaşlığa maraqlı olmasını əhəmiyyətli məsələ sayıblar.
Natiqlərə görə, istənilən halda Azərbaycan Qərb dünyası ilə bir sırada yer almalıdır və bu mövqe Güney Azərbaycan Milli Hərəkatının taleyinə həlledici təsir göstərəcək. "Qərb birqütblü, Rusiya, Çin və İran çoxqütblü dünya düzəni yaratmaq istəyir. Milli maraqlarımız naminə biz Qərblə bir yerdə olmalıyıq”, deyə S. Rüstəmxanlı mövqeyini izah edib.
Dinləmə iştirakçıları mövzunun gələcəkdə də davam etdirilməsini vacib sayıblar.
.
Maybe you are interested in:
Milli Məclis ABŞ Konqresinə “simmetrik” cavab hazırlayır
İlham Əliyev loyal mətbuatdan razıdır
Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu