İctimai fəallar, potensial “xuliqan”-lar…
Fərqli düşüncəli ictimai fəalların şərlənərək həbs olunması taktikası dəyişir. Əgər əvvəlki illərdə onlara qarşı daha çox "milli maddə” adlandırılan narkotika ittihamı irəli sürülürdüsə son zamanlar "xuliqanlıq” ittihamı geniş yayılır. Bu da səbəbsiz deyil. Narkotika ittihamı artıq əvvəlki kimi effektli və inandırıcı deyil. Necə deyərlə gözdən və dəbdən düşüb. Çünki hədəfdə olan bir çox ictimai fəallar, hüquq müdafiəçiləri, jurnalistlər, dindarlar və s. siqarət belə çəkmirlər. Siqaret çəkməyən adamı narkotika qəbul etməkdə, satmaqda ittiham etmək gülünc görünür, inandırıcı deyil. Digər tərəfdən bu maddə ilə irəli sürülən ittihamı təsdiq etmək istintaq orqanlarını, məhkəmə tibbi ekspertiza idarələrini və məhkəmələri çox zaman çətin və çıxılmaz duruma salır. Narkotika qəbul etməyən şəxsin "nakroman olması”- nı subut etməkə ittihamın arxasında sona qədər dayanmaq məsuliyyətli olduğu qədər də çətindir. Bundan çıxış yolu kimi daha asan və "məsuliyyətsiz variant” tapıblar. Xuliqanlıq ittihamı. Yəni ictimai fəalları xuliqanlıqda ittiham etmək. Bunun üçün qondarma bir şikayətçi, bir- iki nəfər də "dejurni üzə duran” olsa bəs edir.
Son zamanlara qədər siyasi məhbuslara qarşı irəli sürülən ittihamları boy artımı ilə çeşidləsək aşağıdakı sıralama alınar;
- Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278);
- Hakimiyyət nümayəndəsinə müqavimət (Maddə 315);
- İğtişaşların təşkili və iştirak (Maddə 220.1);
- Qanunsuz dini təbliğat (Maddə 167);
- Qanunsuz silah gəzdirmə (Maddə 228);
- Narkotika maddələri saxlama, satma (Maddə 234);
- Xuliqanlıq (Maddə 221);
- Vergidən yayınma (Maddə 213) və s.
Apardığımız araşdırmalar göstərir ki, son illər xuliqanlıq ittihamı hakimiyyəti tənqid edənləri susdurmaq üçün seçilmiş ən münasib və populyar ittiham maddəsi kimi sıralamada ön plana keçməkdədir. Bu maddə ilə ictimai fəalları, tənqidçiləri şərləyib həbs etmək hakimiyyətə daha rahat görünür.
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin məhkəmə prosesində iştirak edərkən bu ssenaridən geninə- boluna istifadə olunduğunun bir daha şahidi oldum.
Kiçik araşdırma apardım. Məlum oldu ki, son illər həbs həyatı yaşamış və hazırda həbsdə olan bir çox siyasi məhbuslar məhz CM- nin 221.2, 221.3- cü maddələri ilə ittiham olunublar. Məsələn, ötən illərin səs- küylü həbslərindən olan Emin Milli və Adnan Hacızadənin dəmir barmaqlılar arxasına göndərilməsi ssenarisi bu maddə ilə həyata keçiriib. Adı çəkilən şəxslər Bakıda restoranların birində hücuma məruz qalsalar da sonradan onların özləri zərərçəkmiş şəxsdən təqsirləndirilən şəxsə çevrilərək həbs olunublar. Basqından sonra adı çəkilən şəxslər şikayət etmək və tibbi yardım almaq üçün polisə gediblər, lakin nəticədə özləri xuliqanlıq ittihamı ilə həbs olunublar. 17 ay qanunsuz həbs həyatı yaşayıblar.
Hakimiyyətin sərt tənqidçilərindən olan "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid iş yerinin yaxınlığında eyni motivlə şərlənib həbs olunub və haqqında 4 il azadlıqdan mərhum edilmə hökmü çıxarılıb.
Həbsdə olan NİDA- çı İlkin Rüstəmzadə «Harlem Shake» videosunu hazırlamaqda və internetdə yaymaqda ittiham edilərək həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürülüb. Halbu ki, o ictimai fəallığına və "Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçılarından olduğuna görə şərlənib həbs edilib.
Müstəqil jurnalist Fuad Hüseynov Ucar rayonunda yerli məmurları korrupsiyada ittiham etdiyinə görə 2010-cu ilin oktyabrında yenə də xuliqanlıq ittihamı ilə 6 il yarım həbs cəzası alıb.
Xuliqanlıq ittihamlarından siyasi motivli başqa işlərdə də istifadə edilir. Xeber44.com saytının redaktoru Araz Quliyev hazırda 8 illik həbs cəzası çəkməkdədir. Onu müxtəlif ittihamlarla məhkum ediblər, lakin ilk dəfə ona qarşı da xuliqanlıq ittihamı irəli sürülüb. Guya 2012-ci ilin sentyabrında beynəlxalq folklor festivalının işini pozubmuş. «Xural» qəzetinin müxbiri Aydın Caniyev də Lənkəran rayonunda bir məscidin şüşələrini sındırmaqla xuliqanlıq törətməkdə ittiham olunub, 2011-ci ilin sentyabrından 2012-ci ilin dekabrınadək həbsxanada saxlanılıb.
Hazırda siyasi fəal Nemət Pənahlı, Musavat partiyasının başqan müavini Yadigar Sadıqlı, AXCP Rəyasət Heyətinin üzvü, jurnalist Seymur Həzi, hüquq müdafiəçisi Taleh Xasməmmədov, haqqında bəhs etdiyimiz Məmməd İbrahim və digər siyasi məhbuslar saxta xuliqanlıq ittihamı ilə qanunsuz həbs həyatı yaşayırlar.
Amma bu hakimiyyətin qoçu dəstələrindən olan Nəqliyyat nazirliyinin və ARDNŞ- in qoluzorluları günün günorta çağında ictimai yerdə insanları təpik altına salıb vəşicəsinə döyürlər, bu hərəkət nəinki xuliqanlıq kimi qiymətləndirilmir, hətta heç bir ölçü götürülmür. Və yaxud harın məmur övladları ictimai asayişi pozaraq dəfələrlə xuliqanlıq hərəkətləri törədiblər. Başqalarına xəsarət yetirib, ziyan vurublar. Elə bu yaxınlarda yanacaq doldurma məntəqəsinin əməkdaşları vəzifəli bir generalın qohumları tərəfindən şil- küt edilir 25 sutkalıq inzibatı həbs cəzasına məruz qalırlar. Amma etmədiyi cinayətə görə eyni əməli törətməkdə ittiham olunan Yadigar Sadıqlı, Seymur Həzi, Taleh Xasməmmədov, məhkəməsi yenicə yekunlaşmış Məmməd İbrahim və digərləri isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum edilir. Bu, qanunsuzluq, ayrı- seçkilik, hüquqi nihilzmin təsdiqi deyilmi?
Yeri gəlmişkən qeyd edək ki, Məmməd İbrahimin üzünə duran "zərərçəkən”- lərin birinin soyadı Qurbanovdur. Məhkəmənin gedişində məlum oldu ki, boyu 2 metrə çatan, idmanla məşğul olan bu adam polislə gizli əməkdaşlıqda şübhəli bilinir. Necə deyərlər nəyinsə qarşılığında özünü qurban verir, başqalarının isə həyatını qaraldır. Nəyinsə qaşılığında özünü qurban verənlərin özlərinin də bir gün qurbanlıq olacağı şübhəsizdir. Necə deyərlər quyunu gen qaz, dərin qaz bir gün özün düşəcəksən. Bu məntiqi Qurbanovları qurbanlıq edənlərin anlaması lazımdır. Çünki sırada onlar var...
Oqtay GÜLALIYEV, "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru
.
Maybe you are interested in:
Milli Şura Şahvələd Çobanoğluna təqibləri pisləyir
İntiqam Əliyevin işi üzrə məhkəmədə