O.Gülalıyev: "Son əfv olunanların yarıdan çox ağır cinayət törədib və cəzalarının heç 1/3- də çəkməyiblər"
"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev dövlət başçısı tərəfindən imzalanmış son əfv sərəncamına özünün Facebook səhifəsində münasibət bildirib. Statusda deyilir:
"Bir neçə gün öncə İlham Əliyev növbəti əfv sərəncamı imzaladı. Bu dəfə də gözləntilər özünü doğrultmadı. Ölkə həbsxanalarında haqq etmədiyi cəzanı çəkən 100- dən çox siyasi məhbusdan yalnız bir neçə nəfər azadlığa çıxdı. Haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarı olan Əli İnsanov və İlqar Məmmədov başda olmaqla azadlığa çıxacağı gözlənilən onlarla siyasi məhbus yenə həbsxanada qaldı. Hakimiyyət bir daha azadlıq, demokratiya, insan haqları ugrunda mübarizə aparan insanlara qarşı nə qədər qəddar, acımasız və qisasçı olduğunu ortaya qoydu. Eyni zamanda yerli və beynəlxalq ictimaiyyət üçün "siyasi məhbus kartı”-nı çox xəsisliklə xərclədiyini nümayiş etdirdi”.
Əfv siyahısında yer alan 101 məhkumdan yarıdan çoxu (59 nəfər) ağır cinayət törətməkdə ittiham olunaraq Bakı və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunublar (bax; http://www.president.az/articles/14580). Onların bəziləri haqqında məhkəmə hökmü hətta 2013- və 2014- cü illərdə çıxarılıb və törətdikləri cinayətə görə ağır cəzaya məhkum ediliblər. Amma cəzalarının heç 1/3- ni, hətta elələri var 1/5- ni belə çəkməyiblər. "Əlbəttə sosial ədalətsiziliyin hökm sürdüyü, oğruların, talançıların, mandat alverçilərinin hakimiyyətin yuxarı qatlarını zəbt edib özlərinə isti yuva saldıqları məmləkətdə həbsdə olan hansısa məhbusun azadlığa çıxmasına qarşı deyilik. Düşünürük ki, ölkədə sosial ədalət bərpa olunmalı, Qızıl Amnistiya tətbiq edilməli, cəza və həbs şərtlərinə yenidən baxılmalıdır. Amma qeyd edək ki, dövlət başçısının humanistlik və insanlıq nümunəsi göstərərək əfv sərəncamı imzaladığı iddiasını irəli sürənlərin iddiası əfv siyahısına baxanda elə ilk baxışda darmadağın olur. Çünki ani olaraq sual meydana çıxır; Necə ola bilir ki, dövlət başçısı vətəndaşın həyatına qəsd edən, insanları yaralayan, öldürən, başqalarının əmlakını ələ keçirən, dağıdan, xüsusi və dövlət mülkiyyətinə ziyan vuran, insan alveri ilə məşğul olan, hər növ qaçaqmalçılığı özünə peşə seçən, narkotika ilə cəmiyyəti zəhərləyən, onun satışını, ölkəyə idxalını və ixracını təşkil edən və s. şəxsləri bir günün içində bir sərəncamla azadlığa buraxır, amma bütün həyatını cəmiyyətin saflaşdırılması, insanların haqlarını, mülklərini, milli mənəvi dəyərləri qorumağı özünün həyat amalına çevirmiş İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqlı, İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Xədicə İsmayıl, Taleh Bağırzadə, Anar Məmmədli, Seymur Həzi, Sirac və Fərəc Kərimli qardaşları, Hilal Məmmədov, Nemət Pənahlı kimi fədakar insanları, "əsgər ölümlərinə son!” deyən NİDA- çı gəncləri, "Allah təkdir, şəriki yoxdur” deyən inanclı insanları və digərlərini azadlığa buraxmır? Onlara gen dunyanı dar edir, qaranlıq zindanda çürüdür, girov saxlayır. Bu necə humanistlik, necə insanlıq, necə ədalətdir? Belə çıxır ki, ölkə sərvətlərinin bir qrup şəxs tərəfindən talan edilib ofşar zonalara çıxarılması cinayət deyil, amma talançıları və oğruları ifşa etmək bağışlanmaz cinayətdir”, - daha sonra O. Gülalıyev yazır.
Son əfv sərəncamı hakimiyyət və onun yandaşları tərəfindən "siyasi məhbus” məsələsində illərdir yürüdülən imitasiya siyasətini bir daha ifşa etdi. Bu sərəncam həm də keçən ilin oktyabrında yaradılmış İnsan Haqları üzrə Birgə İşçi Qrupunun da formal, gözdən pərdə asmaq üçün ortaya atılmış qurum olduğunu bir daha göstərdi.
"Ölkədə siyasi məhbusların mövcudluğu bu hakimiyyətin mahiyyətindən, xarakterindən, fəlsəfəsindən irəli gəlir. Avtoritar rejimlər harda varsa orda hökmən ictimai- siyasi fəallara qarşı repressiyalar, qanunsuz həbslər olub və yenə də olacaq. Eynən Azərbaycanda olduğu kimi...”, - daha sonra Gülalıyev qeyd edir.
Siyasi məhbus problemini həll etmək əvəzinə bu siyahıya yeni insanları əlavə edilir. Bir neçə həftə öncə Göyçayda hüquq müdafiəçisi Taleh Xasməmmədovun yenidən şərlənərək həbs olunması və həbsxanada işgəncələrə məruz qalması buna misal ola bilər. Hakimiyyət təkcə siyasi məhbusları həbsxanada saxlamaqla, onların sayını artırmaqla kifayətlənmir, həbsdə olan bu insanlara mənəvi əzab, işgəncə verir, onlardan qisas alır. Həbsdə olan tanınmış hüquq müdafiəçisi xanım Leyla Yunusun qanında hepatit C virusu aşkar olunub, qara ciyərindən dağılma prosesi gedir. AXCP sədri Əli Kərimlyə görə onun qaynı Elnur Seyidovu ağır xəstə olmasına baxmayaraq 3 ildir ki, həbsdə girov saxlayır. ABU- nun sabiq rektoru Elşad Abdullayevin yaydığı gizli "mandat alveri” videosuna görə onun sadə kənd həyatı yaşayan, günahsız qardaşı oğlu Mübariz Abdullayevi 10 il həbs cəzası verir, uşaqdan- böyüyə bütün qohumlarının ölkədən çıxışını yasaq edir. Başqa bir misal; bir neçə ay öncə 14 saylı CÇM- də məhkum Elşad Babayevi öldürənləri məhkəmə önünə çıxarıb cəzalandırmaq əvəzinə, bu vəhşiliyə, cinayətə etiraz edən günahsız məhkumları başda siyasi məhbus, jurnalist Araz Quliyev olmaqla "Tubzon”-a göndərib işgəncə verir, 3 aydır ki, onları işıq üzünə həsrət qoyub "kars”-da saxlayır. "Ürəkləri bununla da soyumur, verilən məlumata görə bir neçə gün öncə 14 saylı CÇM- də qapalı məhkəmə keçirib həmin şəxsləri "krıtı” deyilən Qobustan Qapalı Həbsxanasına göndərilməsi barədə qərar çıxarıblar. Artıq neçənci dəfədir subut olunur ki, bu hakimiyyət cinayət törədənləri deyil, həmin cinayətə etirazını bildirib haqqını qoruyanları cəzalandırır, onlardan qisas alır. Çünki onlar Azərbaycanda tam müqavimətsiz, başdan- ayağa manqurtlaşmış cəmiyyət görmək istəyirlər. Bu isə heç vaxt mümkün olmayıb və olmayacaq”, - daha sonra Gülalıyev qeyd edir.
.
Maybe you are interested in:
Yarımçıq əfv sərəncamı…
ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir
Azərbaycan həbsxanalarında niyə məhbuslar çoxdur?