Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Vəfa Quluzadə: “Gömrük Sazişinə qoşulmaq ölkənin bütün gəlirlərinin Rusiyaya qurban verilməsi deməkdir”

 Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə «Bizim Yol» qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edib. O, Qarabağ münaqişəsi ilə bağlı yaranmış hazırki durum, beynəlxalq güclərin mövqeləri, münaqişənin həlli perspektivləri barədə fikirlərini bölüşüb. V.Quluzadənin fikirlərinin ana xətti bundan ibarətdir ki, ABŞ gerçəkdən münaqişənin həllini istəməlidir, o zaman problem «ölü nöqtədən» tərpənə bilər. Əks halda Rusiyanın istəklərinə uyğun olaraq «dondurulmuş münaqişə» status-kvosu qalmaqda davam edəcək.
Vəfa Quluzadə ilə geniş müsahibəni oxucularımıza təqdim edirik. 
- Vəfa müəllim, artıq Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşübarədə ilkin informasiya yayılıb. Bu örüşdən gözləntiniz nədən ibarətdir? 
- Vyana görüşünə aşağıdakı baxımdan diqqət etmək gərəkdir: görüş Qərbin, ABŞ-nin təşəbbüsüylə keçirilir. Üstəlik, Qərbdə, Vyanada baş tutur. Son vaxtlar Qarabağ danışıqlarında Qərb təşəbbüsü tamamilə Rusiyaya vermişdi və münaqişəylə maraqlanmırdı. Bir müddət Rusiya prezidenti Putin prezidentləri Moskvada qəbul etdi, ondan sonra Medvedev bu cür görüşlərin təşəbbüskarı oldu. Ancaq bunların hamısı göstərdi ki, Kremlin münaqişənin hər hansı həllinə marağı yoxdur. Rusiya problemi olduğu kimi dondurmaq, nə hərb, nə sülh kimi saxlamaq, Azərbaycanla Ermənistanı təzyiq altında qoymaq və bunların fonunda öz maraqlarını iki ölkədə həyata keçirtmək niyyətindədir. Yəni Moskva öz dividentlərini Ermənistan və Azərbaycan vasitəsilə almaq istəyir. Medvedevdən sonra Putin məsələni tamam dondurdu, simvolik, yaxud görüntü xarakteri daşıyan görüşləri də keçirmədi. Bu günə qədər neçə ildir pauza götürülmüşdü. Bu gün uzunmüddətli pauzadan sonra Qərbin təşəbbüsüylə Avropa paytaxtlarının birində prezidentlər görüşür. Bu görüş heç də nəsə baş verəcəyi düşüncəsini yaratmamalıdır, yaxud irəliləyişlər olacağı barədə fikirləşməməliyik. Ona görə ki, Ermənistan prezidenti Moskvadan asılı olaraq qalır. Məsələn, Sarkisyan bu gün vaxtilə Ermənistan diplomatlarının mənə dediklərini Qərb diplomatlarının qulağına deyə bilər ki, gedin Moskvayla danışın, onlar hər hansı təklifə razıdırlar. Bu baxımdan danışıqların Qərbin təşəbbüsüylə başlaması msbət hadisədir. Amma eyni zamanda Qərb Rusiyayla heç bir razılığa gəlməmiş irəliləyiş gözləmək olmaz. Yəni Moskva Qarabağ problemini özü üçün "kozır” kimi saxlayıb, lazım olanda Vaşinqtonla siyasi oyunda masanın üstünə qoyar. O mənada ki, əgər Vaşinqton problemin həllini qəti şəkildə istəyər, bunun əvəzində Kreml Ağ Evdən nəyisə ala bilər. 
- Prezidentlərin görüşündən əvvəl Ermənistanın xarici işlər naziri Nalbandyan Rusiyalı həmkarı Lavrovla görüşü diqqət çəkir… 
- Bu günə qədər Ermənistanın bütün mövqeləri Kremldə hazırlanıb. Mən apardığım danışıqlar zamanı bunların hamısını gözümlə çox əyani surətdə görmüşəm. Ancaq bir faktor da var ki, onu nəzərə almalıyıq. Rusiya dünyanın ağır vaxtlarında ABŞ üçün yardımçı dövlətə çevrilib. 
- Rusiya hansı dövlətə qarşı yardımçı dövlətə çevrilib?
- Amerikanın maraqlarını həyata keçirməyə yardımçı, bir çox şeyləri ictimaiyyət görməsə də, peşəkarlar görür və hiss edir. Rusiya ABŞ siyasətinin uğuru üçün xeyli işlər görüb, görür və görəcək də. Ancaq elə lokal məsələlər var ki, Rusiya öz maraqlarını gözləyir və ABŞ-a güzəştə getmir. 
- Ermənistan-Azərbaycan münaqişəsi də həmin lokal məsələlər sırasındadır?
- Hələlik belədir. Bu, Qarabağ məsələsinin ABŞ üçün prioritet təşkil etməyənə qədər davam edə bilər. Əgər Qarabağ problemi ABŞ üçün prioritet olsa, o zaman Vaşinqtonun sözü həlledici olacaq. Amma prosesdə başqa məqamdan şübhələnirəm, Rusiya indiyə qədər problemi müxtəlif təzyiqlər və özü üçün gəlir mənbəyi vasitəsinə çevirib. Qərb də baş verənlərə "göz yumur”, çünki Azərbaycandan neft və qazını alır, alacaqdır da, torpaqlarımızın işğalı Avropa üçün heç bir ziyan vermir. Axı, Qərb heç zaman ürəyi yanan olmayıb ki, ədalət uğrunda mübarizə aparsın. Avropa yalnız öz maraqları uğrunda mübarizə aparır. Qərbi heç zaman ədalət və demokratiya maraqlandırmır, bunlar hamısı təbliğat üçündür. Bir daha deyirəm, Rusiya bu gün ABŞ-nin maraqlarına çox kömək edir, Vaşinqton Moskvanı bir təhlükə kimi tamamilə silib kənara qoyub. Burda başqa məsələ də var. ABŞ Azərbaycan da daxil olmaqla Mərkəzi Asiyada öz maraqlarını təmin edib, enerji və başqa xammalı götürüb və götürəcək. Lakin Vaşinqton bu ölkələrdə gözlənilməz hadisələrə, xüsusən islam hərəkatlarının güclənməsində maraqlı deyil. Ona görə Qərb birinci növbədə Mərkəzi Asiyanı Rusiyaya "arenda”ya vermək haqqında ciddi surətdə düşünür. 
- Bu "arenda” hansı mənada...?
- Yəni Rusiya Mərkəzi Asiyada Qərbin xoşuna gəlməyən proseslərə yol verməsin, necə kİ, Şimali Qafqazda. Qərb istəmir ki, Mərkəzi Asiyada Şimali Qafqaz xilafəti əmələ gəlsin. Bu baxımdan Qərb Rusiyanın Şimali Qafqazdakı repressiya siyasətini tam dəstəkləyir. 
- O zaman sual yaranır, Qərb Cənubi Qafqazın Rusiyaya "arenda”ya verməsi haqqında düşünürmü? 
- Hələlik bu barədə dəqiq heç nə deyə bilmərəm, çünki Cənubi Qafqaz çox önəmlidir. Qərb Cənubi Qafqazı "arenda”ya verməyə bilər, Gürcüstan, Ermənistan və Azərbaycan Avropa üçün önəmli ölkələrdir. Çünki hər üç ölkədə Qərb tipli dövlətlər yaratmaq mümkündür. Ona görə hər üç ölkə birgə iqtisadi zona təşkil etsə, bu, tam Qərbin maraqlarındadır. Bunun əvəzində Qərb Mərkəzi Asiyanı Rusiyaya "hədiyyə” edə bilər. 
- Güman ki, bu, müvəqqəti "hədiyyə” olacaq. 
- "Hədiyyə” o mənada ki, regionun sahibi özüdür, sadəcə, Rusiya paralı menecer olacaq. 
- ABŞ dövlət katibi Kerri Türkiyə xarici işlər naziri Davudoğluyla görüşdə bildirib ki, Sarkisyan və Əliyevlə saatlarla söhbət edib. Diplomatiyada bu cür danışıqların nəticəsi olurmu?

- Bu günə qədər olmayıb. Vaxtilə Corc Buş da Heydər Əliyev və Köçəryanla danışırdı. Heydər Əliyevi Ki-Uestdə Corc Buş və ABŞ dövlət məmurlarının hamısı qəbul edib, bəs nəticə hanı? Yoxdur! Yeganə səbəb isə Rusiyanın mövqeyidir. Yadınıza gəlirmi, İstanbul Sammiti heç bir nəticə vermədi və Ermənistan parlamentinin gülləbaran olmasından sonra məsələ gündəlikdən çıxarıldı. Səbəb də o idi ki, Rusiyayla razılaşma olmamışdı. Bilirsiniz, Rusiyanın xəbəri olmadan ABŞ danışıqları dəstəkləmişdi. Vaşinqton da "əgər sülh bağlayırsınızsa, biz onu dəstəkləyirik” şəklində dəstəkləmişdi, amma bu kifayət deyildi. ABŞ gərək prosesin arxasında dayansın, bu gün "gedin siz danışın, biz razı olacayıq” söyləmək heç cür nəticəylə bitməyəcək, çünki Moskva belə yanaşmanın əleyhinədir. Vaşinqton Moskvanı razı salandan sonra hər hansı ölkədə sammit keçirib problemi həll etmək olar. Amma Rusiya təmin olunmayınca problem həll olunmayacaq. ABŞ-Rusiya əlaqələrinə gəldikdə isə, artıq ikinci birinciyə düşmən deyil, bunu bilməliyik. Sadəcə, tərəfdaşlar arasında müxtəlif ziddiyyətli məsələlər var ki, tərəflərin mövqeyi üst-üstə düşmür. Lakin bu məsələlərin mexanizmləri olduğu üçün razılaşdırmaq mümkündür. Mexanizmlər o zaman işə düşəcək ki, ABŞ bunu istəyəcək. Ağ Evdə oturmadığımdan bilmirəm, ABŞ problemin həllində nə qədər maraqlıdır. Məncə, Vaşinqton danışıqlar təşəbbüsünü öz əlinə almaq istəyir, uzun müddət özü təşəbbüskar olaraq tərəflərə gərəkli təzyiqləri edib lazımi məqsədlərə çatmaq istəyir. 
- Gərəkli təzyiqlərin və lazımi məqsədlərin içərisində Azərbaycanın güzəştləri hansı səviyyədədir?
- Elə düşünməyin ki, ABŞ boyda nəhəng xırda məsələlər həll edir, yaxud maraqlandırır. Amerikanın maraqları ondan ibarətdir ki, Cənubi Qafqazın üç respublikası əməkdaşlıq etsin. Əgər bu dövlətlər birgə əməkdaşlığa hazır deyilsə, onları hazırlamaq üçün uzun müddət lazımdır. Bu hazırlıq üçün Qarabağ, Osetiya və Abxaziya münaqişələri "açar” rolu oynayır, Vaşinqton da bu açarı" əlində fırladacaq. Bax, məsələ çox dərindir, çox sadəlövh düşürürlər ki, ABŞ Rusiyanın acığına gəlin bölgədə sülh bağlatdıracaq, elə şey yoxdur.

- Bir gün əvvəl Almaniya kansleri Merkel Vilnüs Sammiti öncəsi bildirib ki, Moskva başqa dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyi götürüb. Kremli iddialarından çəkindirə biləcəklərmi?
- Rusiya nəinki Ukraynanın, Gürcüstanın, Azərbaycanın da daxili işlərinə qarışır. Rusiya Ukrayna və Azərbaycana Gömrük Sazişini imzalamaq üçün təzyiqlər edir. Ən böyük təzyiqlər Kiyevədir. çünki Azərbaycanı itirmək bir o qədər ağır deyil, nəinki Ukraynanı. Əgər Rusiya Ukraynaya Gömrük Sazişini imzalatdıra bilsə, bu Moskvanın böyük geostrateji qələbəsi olardı. Ukraynanın Rusiyadan ayrılması birincinin geostrateji faciəsidir. Kiyev Vilnüs Sammitində sənədi imzaladı, imzalamadı gələcəkdə Avropa İttifaqına daxil olacaq. Hazırda prosesin gedişində süni məsələ var. Guya, prezident Yanukovuç sabiq baş nazir Timoşenkonu ya əfv etsin, ya da xaricə müalicəyə buraxsın. Bunlar olmasa, Avropa İttifaqı Kiyevin tərəfdaşlıq məsələsinə bu dəfə yox, sonra baxacaq. Ancaq bunların aidiyyatı yoxdur, bu gün, ya sabah Ukrayna Avropa İttifaqına daxil olacaq, məsələ ondadır ki, Kiyev heç vaxt Gömrük Sazişini imzalamayacaq. Ötən müddətdə Azərbaycana da böyük təzyiqlər oldu, mən seçki öncəsi Moskvadakıların hakimiyyəti necə əsəbləşdirməklərini xatırlatmaq istərdim.
- O zaman növbəti təzyiqlər gözlənilirmi?

- Təzyiqlər müvəqqətidir. Rusiya bizi emiqrantlarla hədələyir, bu hədələrə baxmayaraq Azərbaycan Vilnüsdə bütün sənədləri imzalamalıdır. Çünki Gömrük Sazişini imzalamaq hakimiyyəti və ölkəni itirmək deməkdir. 
- Vilnüsdə dediyiniz sənədləri imzalasa belə Rusiya təzyiqləri artırmayacaqmı?
- Vaxtilə BTC-yə görə Rusiya Azərbaycan qadağalar qoydu, sərhədlər bağlandı, Şimali Qafqazdan maşınları, Həştərxandan gəmiləri buraxmırdılar. Ancaq bunlara baxmayaraq, Azərbaycan acınacaqlı vəziyyətdə olsa da, Türkiyənin vasitəsilə ərəb əmirlikləriylə işlərimizi görürdük. O cümlədən, Ukraynayla əməkdaşlığımız olub.

- Siz Gömrük Sazişini imzalayacağımız təqdirdə, hakimiyyəti itirmək təhlükəsindən danışdınız. Daxildə güclü qüvvə olmadığı halda hakimiyyət necə itirilə bilər?
- Söhbət daxili qüvvədən getmir. Gömrük Sazişinə qoşulmaq o deməkdir ki, hakimiyyət ölkənin bütün gəlirlərini Rusiyaya qurban verir. Amma bu gün bütün gəlirlər hakimiyyətin nəzarətindədir, sazişi imzalamaq artıq həmin gəlirlərin Rusiyanın nəzarətinə keçməsi deməkdir. Bundan sonra hakimiyyətin öz taleyi də Moskvanın əlində olacaq. Bəlkə onlardan "yaxşılarını” gətirəcək, oturublar Moskvada gözləri Bakıdadır. Bütün hallarda Gömrük Sazişi də öz nəticəsini verməyəcək, adi bir misal, Qazaxıstan bu sənədə imza atsa da, Çinə enerji satır. Yəni Rusiyanın nəzarətindən kənara çıxır. Moskva yalnız məcbur edə bilir, amma indiki siyasi zamanda məcbur etməklə nəyəsə nail olmaq mümkünsüzdür. 

.

Bizim Yol

.

Maybe you are interested in:

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

Dekabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilər

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Xarici diplomatlar Vəfa Quluzadənin vəfatı haqqında

Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz