Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İqtidar terror təhlükəsinə qarşı hərəkətə keçdi

Qubada həbsdən qaçış planı hazırlayan xəvariclər saxlanıldı

Hüquq-mühafizə orqanlarının azərbaycanlı "mücahidlər”in Suriyaya keçməsinin qarşısını almaq üçün Türkiyə sərhədlərində araşdırmalara başlaması qardaş ölkədə narahatlıq yaradıb; respublikadan kənarda savaşa qatılanların öncədən zərərsizləşdirilməsi istiqamətində tədbirlər hazırlanır
2013-cü ilin sonunda Rusiya bir-birinin ardınca baş verən üç qanlı terror aktı ilə sarsıldı. Volqoqrad şəhərində dəmiryol vağzalında və trolleybusda baş verən terror aktları, bundan bir qədər əvvəl Pyatiqorsk şəhərində baş verən partlayışlar Rusiyada real terror problemini bir daha aktuallaşdırdı.
32 nəfərin öldüyü, 100-dən artıq insanın yaralandığı terror aktları təhlükəsizlik məsələsi ilə bərabər Rusiyaya qarşı hansısa planın işə salındığı ilə bağlı iddiaları yenidən aktuallaşdırdı.
Bir sıra müşahidəçilərə görə, terror aktlarının əsas hədəfi Soçi Olimpiadası ilə bağlı milyardlar xərcləmiş hökumətin planlarına zərbə vurmaq, ən nüfuzlu və gəlirli idman yarışına marağı azaltmaqdır. Belə bir təhdidlə bir qədər əvvəl Şimali Qafqazda fəaliyyət göstərən islamçı qrupların liderləri də çıxış edib. 
Rusiyada baş verən terror aktlarının yalnız Şimali Qafqazdakı radikal qruplaşmalarla deyil, xarici dövlətlərlə əlaqəli olduğu, Putinin müəyyən siyasi qərarlara görə cəzalandırılması ehtimalı haqda yazmışdıq. Xatırladaq ki, bəzi iddialara görə, Putin Bəşər Əsədi dəstəklədiyi və faktiki olaraq, onun hakimiyyətdə qalmasını təmin etdiyi üçün ərəb ölkələri tərəfindən radikal islamçı qruplaşmaların əli ilə terrorla cəzalandırılır. Hətta ötən ilin payızında "Röyter” agentliyi Yaxın Şərq və Qərbdəki diplomatik qaynaqlara istinadən xəbər yaymışdı ki, Səudiyyə Ərəbistanı kəşfiyyatının başçısı Bəndər bin-Sultan prezident Putinə Əsədə dəstəkdən imtina müqabilində Rusiyadan 5 milyard dollarlıq silah alacaqlarını vəd edib. Eyni zamanda Səudiyyə Ərəbistanının Moskvanın Avropaya təbii qaz ixracına rəqib olmayacağı da Putinin diqqətinə çatdırılıb. İddialara görə, Putinin bu təklifə "yox” cavabı verməsindən sonra Səudiyyə hökuməti Rusiyanın "başının ağrıyacağı” mesajını yollayıb... 
Hazırda dünyada terrorun bir sıra dövlətlərin gizli silahına çevrildiyi ilə bağlı onlarla faktı nəzərə alsaq, ortaya çıxan bu iddianın və bunun ardınca radikal qruplaşmaların Rusiyanın mərkəzində terror aktları törətməsi ilə bağlılığı olması şübhəsi yaradır. 
Ancaq Rusiyada baş verənlər birbaşa da olmasa, dolayısı ilə Azərbaycan üçün də ciddi təhlükə yaradır. Birincisi, ona görə ki, Azərbaycan Qərblə Şərqin kəsişdiyi "qaynar nöqtədə” yerləşir. İkinci tərəfdən, Rusiya kimi bütün dünyada geniş kəşfiyyat və təhlükəsizlik şəbəkəsinə sahib olan ölkənin qarşısını almağa çətinlik çəkdiyi təhlükənin   Azərbaycana sıçramaq riski var. Üstəlik, 2007-2008, eləcə də 2012-ci illərdə baş verənlər göstərdi ki, terror təhdidlərinin Azərbaycana hər an sıçraya bilməsi təhlükəsi realdır. Sadəcə, ötən illərdə təhlükəsizlik orqanları operativ hərəkət edərək bu cəhdləri zərərsizləşdirməyə nail ola bilib. Ancaq bu heç də o demək deyil ki, Azərbaycanda bu cür fəaliyyətlər üçün heç bir zəmin yoxdur. Əksinə, "Eurovision” ərəfəsində Bakıda planlaşdırılan təxribatlar, sələfilərlə atışmada hətta MTN zabitinin öldürülməsi, eləcə də ötən il Sumqayıtda sələfilərin məscid iddiası ilə başlayan kütləvi etirazlar, bu şəhərdə radikal qruplaşmalarla əlaqəli həbslər və nəhayət, bir sıra ruhanilərə qarşı terror hədələrinin arxasından real təşkilatların dayandığı göstərdi ki, istənilən zaman Azərbaycanda terror-təxribat cəhdləri baş verə bilər. 
Qeyd edək ki, ruhanilərə qarşı terror çağırışı edən və bunun üçün hazırlıq görən iki nəfər ötən il noyabrda Qusarda həbs olunub. Bir neçə gündən sonra isə daha bir nəfər saxlanılıb. "Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, saxlanılan üçüncü şəxs ötən il bir neçə dəfə hədəfindəki ruhaninin fəaliyyət göstərdiyi məsciddə müşahidə aparıb, orada namaz qılıb... Yeri gəlmişkən, bəzi radikal qrup üzvləri dini zəmində mübahisə və virtual deyişmələr zamanı Azərbaycanda hərəkətə keçmək üçün əmr gözlədiklərini bildirir, bu və ya digər şəxsləri açıq formada hədələməkdən çəkinmirlər. Hazırda xarici ölkələrdə, o cümlədən Şimali Qafqazda, Suriyada, Əfqanıstan və Pakistanda savaşan azərbaycanlı "mücahidlərin” nə zamansa Azərbaycanda münaqişəyə cəlb olunması təhlükəsi kifayət qədər realdır.
Təbii ki, burda söhbət nəzarətdən çıxmış radikal islamçı qruplaşmalardan gedir. Bu məsələdə konkret bir məzhəbin və ya təriqətin, camaatın adını hallandırmaq mümkün deyil. Çünki təcrübəyə əsasən, bu cür radikal qruplaşmalar lokal qruplar olur və hətta bir camaatı, məscid icmasını belə əhatə etmir. Bu baxımdan, bir qayda olaraq onların müəyyən olunması çətin olur. Son olaraq dekabr ayında Sumqayıtda baş verənlər göstərdi ki, "sələfi” icması daxilində silahlı mübarizə məsələsində birmənalı mövqe yoxdur. Bu mövzuda parçalanma "sələfi” camaatı daxilində qarşıdurmaya səbəb olur (bunun bir nümunəsi 2008-ci ildə "Əbu-Bəkr” məscidinə hücum nəticəsində qeydə alındı - H.D.)
Digər məlumatlara görə, Azərbaycandan xaricə döyüşçü axını, eləcə də yerli səviyyədə dini zəmində təxribat cəhdləri, açıq-gizli təhdidlər, silahlı qarşıdurma təhlükəsi hökuməti, konkret olaraq təhlükəsizlik orqanlarını ciddi şəkildə narahat etməyə başlayıb.
 Hökumətdəki aidiyyəti orqanlar bu tendensiyanın güclənərək Azərbaycanda təhlükəli həddə çatacağı və vəziyyətin nəzarətdən çıxması ehtimalının olduğu düşüncəsindədirlər. Yeri gəlmişkən, artıq Britaniya və Belçika kimi Avropa dövlətləri Suriyaya savaşa gedən ölkə vətəndaşları ilə bağlı həyəcan təbili çalırlar. Britaniya hökuməti isə "mücahidlərin” vətəndaşlığını ləğv etmək haqda qərar verib. Azərbaycanda hansı kontur-mexanizmlərin hazırlanması haqda dəqiq məlumatımız olmasa da, məlumata görə, ölkədə dindarlar arasında savaş əhval-ruhiyyəsinin azaldılması yolları barədə proqram hazırlanır. Xüsusən də ölkədən kənarda savaşa qatılanların, eləcə də bu prosesdə bu və ya digər formada iştirak edən, bu fəaliyyətləri həyata keçirənlərin öncədən müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində tədbirlər hazırlanır.

Artıq Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçiləri Türkiyədə Suriya ilə sərhəd bölgələrində araşdırmalara başlayıblar. Onlar Türkiyə xüsusi xidmət orqanlarının da dəstəyi ilə azərbaycanlı mücahidlərin xüsusi təlim düşərgələrini müəyyənləşdirərək, məlumatlar  toplamaq təşəbbüsləri göstərirlər. Bunun üçün əlverişli mühit yoxdur -  Türkiyə  xüsusi xidmət orqanları Əsədə qarşı döyüşmək üçün dünyanın hər yerindən Suriya sərhədlərinə axın edən mücahidlərin geri qaytarılmasında maraqlı deyillər. Buna görə də hazırda Azərbaycan və Türkiyənin məxfi xidmətləri arasında bir gərginlik yaşanmaqdadır. Hətta bəzi hallarda bu gərginliyi azaltmaq üçün işə konsulluq və səfirlik missiyaları da qarışır. Lakin proses gedir və Azərbaycan dövləti Əsədə qarşı cihad adı ilə Türkiyədə məxfi təlimlərə qatılan vətəndaşlarını nəzarətə alaraq geri qaytarır. "Yeni Müsavat”a məlum olub ki, hətta bir neçə nümunədə Azərbaycandan Türkiyəyə gənc "mücahidlərin” valideynləri də aparılıb. Geri dönmək istəməyən, "cihad” hərəkatına qoşulan övladlarını dilə tutmaq və həm də Türkiyənin aidiyyəti rəsmi mövqelərinə təsir etmək mexanizmi kimi valideynlərdən istifadə olunub.
Ölkədə isə təhlükəsizlik orqanları "ənənəvi” metodlarla, xüsusən də Sumqayıt və şimal bölgələrində radikal görüşlü dindarlara qarşı əməliyyatlar aparır, bu cür fəaliyyətlərdə iştirak edənlər, yaxud da iştirakı təşkil edənlər həbs olunur, dindirilir. Ehtimal ki, hazırda hüquq-mühafizə orqanları ölkə ərazisində bu fəaliyyətə qoşulan qrupların və onların üzvlərinin sayını, onların fəaliyyət üslublarını, mərkəzlərini öyrənməyə çalışır.
Ancaq maraqlıdır ki, Azərbaycan hökuməti daxilində radikal dini qruplarla bağlı fikir ayrılığı var. Bu iddianın müəllifləri "Yeni Müsavat”a deyiblər ki, dövlət orqanlarının radikal dini qruplara qarşı fəaliyyətinə mane olan ciddi amillərdən biri də hakimiyyət daxilində bu qrupları gizli şəkildə himayə edən şəxslərin olmasıdır. Bilgilərə görə, bir neçə dəfə məhz gizli himayəçilər hökumətin radikal dini qruplara qarşı addımların qarşısını almağa nail olublar. Eyni zamanda radikal görüşlü qrupların əsas dəstəkçilərindən biri də, nə qədər qəribə də olsa, Qərb ölkələri və bəzi beynəlxalq qurumlardır. Bu sırada hazırda Türkiyə iqtidarının siyasətini də göstərmək olar. Suriya rejimini devirməyi "qafasına qoymuş” baş nazir Ərdoğan Türkiyə sərhədlərini  dünyanın hər yerindən Əsəd rejiminə qarşı savaş üçün gələn real və potensial "mücahidlər”ə açıb. Azərbaycandan da döyüşçü  axını məhz qardaş ölkə üzərindən baş verir. Onlar Türkiyəyə qəbul olunur, sonra Suriyaya yaxın bölgələrdə qurulmuş xüsusi təlim düşərgələrində 3 ay təlim keçir, daha sonra isə silahlandırılaraq, türkiyəli təlimçi və komandirlərin başçılığı ilə Suriya ərazilərinə keçir və burada döyüşlərə qatılırlar. Bu məlumatları redaksiyamıza verən   Türkiyədəki mənbə "xəbərin dəqiqliyinə şübhə yoxdur” deyə, bildirib.
 
Beynəlxalq güclərin himayəsində olan Azərbaycan hökuməti içindəki və kənarındakı qurumların nümayəndələri, eləcə də səfirliklər radikal dinçi qrupların üzvlərini himayə edir, bir çox dəfələrdə onları konkret həbsdən xilas ediblər. Eyni zamanda hüquq-mühafizə orqanları beynəlxalq təşkilatların bu cür dini qrupları dəstəklədiklərini və onlara qarşı hərəkətlərin hökumət səviyyəsində etirazlarla qarşılandığını bildirirlər. Ancaq bütün bunlara baxmayaraq, son olaylar, radikal qrupların xeyli dərəcədə fəallaşması hüquq-mühafizə sistemini hərəkətə keçirib. Hələlik detalları aydın olmasa da, yaxın zamanlarda ölkədə və ondan kənarda radikal, din adından terror və silahlı qruplaşmalar yaradan, Suriyaya döyüşçü ixrac edən şəbəkələrə qarşı böyük bir əməliyyatın  başlanacağı haqda məlumatlar da var.
Yanvarın 7-də gecə Qubada radikal dini qruplaşmalara qarşı əməliyyat keçirilib. Publika.az-ın yerli mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat gecə saat 01 radələrində Qubanın Rustov və İkinci Nüqədi kəndlərində baş tutub. MTN-in yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində 4 nəfər həbs edilib. Həbs edilənlərdən birinin adı Vəfanur Məmmədov Qeybulla oğlu olduğu deyilir. O, Rustov kənd sakinidir. İkinci Nüqədi kəndindən isə Nizami adlı bir şəxsin həbs edildiyi deyilir. Adı məlum olmayan daha iki nəfər saxlanılıb. Onların xəvaricilər olduğu deyilir.
Məlumata görə, qruplaşma Vəfanurun həbsdə olan atası Qeybullanın qaçış planını hazırlayıblar. Belə ki, Qeybulla Məmmədov da radikal dindarlardandır və xəvaricilərlə əlaqələrə malikdir. O əvvəl qanunsuz silah saxladığına görə həbs edilib, daha sonra buraxılıb. Növbəti dəfə isə dələduzluq üstündə həbs edilib. Hüquq-mühafizə orqanları hadisədən əvvəlcədən xəbər tutaraq bunun qarşısını alıb. Saxlananlardan partlayıcı maddələr, kustar üsulla hazırlanmış əl qumbaraları aşkarlanaraq götürüldüyü deyilir.

.

musavat.com

.

Maybe you are interested in:

Planlaşdırılmamış səfər

Türkiyə BMT TŞ ölkələri səfirlərinin toplantısını çağırıb

Ankaradakı terror aktı ilə əlaqədar Azərbaycanlı qız axtarışdadır

Head of Dagestani MIA: son of former head of Tabasaran District was involved in terror act in Khuchni

Qusarın deputatı: “Terror törətmək istəyirlər”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz