Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Suriya müharibəsi Azərbaycanı təhlükəyə saldı

Qrupların savaşında ölən azərbaycanlıların sayı artır

Toplum yeni bir problemlə üz-üzədir; ölkə dindarları arasında parçalanma dərinləşir; Dini Komitə də vəziyyətdən narahatdır...
İlin əvvəlindən bu yana Suriyada müxalif qruplaşmalar arasında davam edən döyüşlərdə neçə-neçə silahlı azərbaycanlı həlak olub. Ötən gün daha bir Azərbaycan vətəndaşı, "İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü "Abdurrahman” ləqəbli azərbaycanlı öz həyatını itirib. APA-nın məlumatına görə, Azad Suriya Ordusu tərəfindən öldürülən şəxs Sumqayıt şəhərindən olub.
Boks üzrə idman ustası olan həmin şəxsin Süleyman adında qardaşının da hazırda Suriyada vuruşduğu bildirilir.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən bəri bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşur. Davam edən döyüşlərdə indiyədək 100-ə yaxın azərbaycanlının öldüyü ehtimal olunur. Yanvarın 3-dən bu yana Suriyada "İraq-Şam İslam Dövləti” adlı qruplaşma ilə "ən-Nusra” cəbhəsi və Azad Suriya Ordusu arasında başlayan döyüşlərdə ümumən 700-dən çox adamın öldüyü deyilir. Bunlardan 246-sı radikal islamçı, 351-i üsyançı, 100-dən çoxu isə mülki şəxsdir. Son 10 gün ərzində müxaliflər arasında gedən savaşlarda çoxlu sayda azərbaycanlılar da həlak olub. Onların arasında 14 yaşlı, əslən Naxçıvandan olan Kərimov Nəcəf Namiq oğlu da var. Nəcəf Kərimovun Suriyaya savaşmağa atası Namiq Kərimovla getdiyi bildirilir.
Baş verənlər təbii ki, Azərbaycanın dini cameyəsində də diqqət və həssaslıqla izlənir. Eyni zamanda birmənalı qarşılanmır. Məsələn, fəaliyyəti dayandırılmış "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov və onun tərəfdarları adından dünən yayılan bəyanatda Əlixan Musayev və Mübariz Qarayev ad-soyadlı şəxslərin Suriyada radikal dini qruplaşmalar arasında gedən döyüşlərə dəstək nümayiş etdirdiyi qeyd olunur. Mədinə Şəhəri Beynəlxalq İslam Universitetinin məzunlarının adından imzalanan bəyanatda Əlixan Musayev və Mübariz Qarayev təkfirçilərlə əlaqədə ittiham olunur, onların gəncləri təkfirçiliyə yönəltmə və təkfirçilərə dəstək verməklə sələf mənhəcinə müxalif olduğu qeyd olunur. Sitat: "Çox sayda yalanlar danışdığına və ondan tələb edilən məsələlərdə açıqlama verməkdən boyun qaçırdığına görə Mədinə tələbələri Əlixan Musayev və Mübariz Qarayev mənhəclərini bəyan edənə qədər bizim sıralarımızdan tərk edilsinlər”.
Q.Süleymanov APA-ya bildirib ki, Ə. Musayevin son zamanlar nümayiş etdirdiyi fəaliyyət "xəvariclər”ə daha yaxındır: "Əməllərindən açıq şəkildə hiss olunur ki, o, bizdən fərqli olaraq Suriyaya gedərək vuruşan qardaşlara dəstək verir və bizə qarşı müxalif mövqedədir”. Q.Süleymanov onu da deyib ki, sənədi imzalayan Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin tələbələri Azərbaycan vətəndaşlarının başqa ölkələrdə döyüşməsinin əleyhinədir. "Biz deyirik ki, Suriyaya getmək səhvdir. Ümumiyyətlə, Suriyada bu hadisələri  başlamağın özü səhv idi”.
Bu açıqlama Azərbaycanda sələfi cərəyanına mənsub ruhanilər arasında fikir ayrılığının mövcudluğunu rəsmən təsdiqləyib. Yada salaq ki, ilk dəfə 2007-ci ildə Q.Süleymanov cərəyan daxilində bölünmə olduğunu, fərqli qrupların yarandığını etiraf etmişdi. 2008-ci ildə "Əbu Bəkr” məscidinə həyata keçirilən terror aktından sonra isə bölünmə və cərəyan daxilində düşmənçilik münasibətlərinin olduğu gün üzünə çıxıb. Ancaq indiki situasiyada Suriya ilə bağlı fərqli münasibətin ortaya qoyulması və konkret ad çəkilməsi, cihad tərəfdarı kimi konkret ruhanilərin adlarının hallanması sələfi ruhanilər arasında münasibətlərin xeyli dərəcədə gərgin olduğunu təsdiqləyir.
"Yeni Müsavat”ın əməkdaşının suallarına cavab olaraq ruhani Əlixan Musayev ona qarşı ittihamları rədd edib: "Haqqımda yayılan fikirlər yalandan başqa bir şey deyil. Mənim adımdan nəsə yazmağa gərək yoxdur. Mənim mövqeyim budur ki, mənə qarşı böhtan deyiblərsə, Allah onların cəzasını versin”.
Ə.Musayev deyib ki, Azərbaycanda 10 ildir fəaliyyət göstərir və bu müddətdə əsasən İslam təbliğatı ilə məşğul olub, siyasi məsələlərə qarışmayıb, dövlətçilik əleyhinə heç bir fəaliyyəti olmayıb: "Mən 10 ildir Azərbaycanda fəaliyyət göstərirəm, kitablar yazmışam, tərcümələr etmişəm. Quran-Kərimi tərcüməm Mədinədə çap olunub. Bəlkə də 10 min dənə xütbələrim olub. Həmin xütbələrdən, kitablarımdan bir dənə dəlil-sübut göstərilsin ki, xəvaricə dəstək verirəm. Əgər sübut etsələr, mən çıxıb camaat qarşısında tövbə edərəm, deyərəm ki, səhv etmişəm, xəvariclərə qoşulmuşam. Mənim 10 ildir dəvətim ancaq İslamadır, dövlətə, dövlətin sabitliyini qorumağa yönəlib. Mənim heç şiələrlə işim yoxdur, o ki ola bunlarla”.
Əlixan Musayev onun barəsində Suriyada vuruşanlara dəstək verməsi ittihamının yalan olduğunu bildirib: "Suriyada gedən savaşla bağlı heç bir göstərişim olmayıb. Ola bilsin ki, kimsə mənə zəng edib desin ki, məsələn, namazda barmağı necə tuturlar? Əli necə tuturlar? Burda nə problem var ki? Ola bilər ki, bir nəfər həbsxanadan zəng edib soruşur ki, filan vaxtı orucu necə tutaq, necə açaq. Mən də cavab verirəm. Amma bu, o deməkdir ki, mən o həbsxanadakı ilə əlbirəm? Bu, cəfəngiyyat və böhtandır. Mən sırf şəriət mövzusu ilə bağı suallara cavab vermişəm. Dünyanın hər yerindən mənə zənglər olur. Rusiyadan, Amerikadan, Türkiyədən, İngiltərədən zəng edilər. Mən nə bilim, bəlkə zəng edən ermənidir? Məndən zəng vurub müxtəlif adamlar dini məsələləri soruşurlar, indi onların zəngləri qeydiyyata düşərsə, kimsə məni erməni ilə əlbir olmaqda günahlandıracaq? Mən nə bilim ki, zəng edən kimdir?”
Xatırladaq ki, ötən ay Sumqayıtda sələfi qruplar arasında Suriyaya döyüşçü göndərməklə bağlı mübahisə sonradan dava-dalaşa və ölümlə nəticələnən toqquşmaya səbəb olmuşdu. Bu hadisə Azərbaycanda Suriyaya münasibətdə dindarlar arasında fikir ayrılıqlarının kəskin forma almasını sübut etməklə yanaşı, dini zəmində gərginliyin daha da artmasının bir əlaməti idi.
Suriyada artıq 3 ilə yaxındır ki, müxtəlif ölkələrin dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən radikal dini qruplar savaşır. Ancaq hazırda bu qrupların daxilində də düşmənçilik yaranıb və o üzdən vəziyyət demək olar ki, nəzarətdən çıxıb. Azərbaycandan çoxlu sayda dindarın savaşmaq üçün müxtəlif yollarla Suriyaya keçdiyi bildirilir. Azərbaycanlılar üçün əsas keçid Türkiyə hesab olunur. 
Azərbaycanlı gənclərin Suriyada davam edən daxili müharibəyə qatılması artıq ölkədə ciddi narahatlığa səbəb olmaqdadır. Təkcə son bir həftədə 10-a yaxın azərbaycanlılarının döyüşlərdə öldürülməsi, bundan başqa bir neçə valideynlərin mətbuata müraciət edərək Suriyaya savaşmaq üçün gedən övladlarını axtarması vəziyyətin həqiqətən də narahatedici olduğunu göstərir.
Bundan başqa, sələfi ruhanilər arasında Suriya mövzusunda, bu ölkəyə döyüşçü göndərilməsi məsələsində fikir ayrılığının olması, hətta biri digərini ittiham etməsi, eləcə də dekabrın 10-da Sumqayıtda baş verən hadisələr Suriya hadisələri, ümumiyyətlə, dini zəmində bölücülüyün getdikcə dərinləşdiyini sübut edir.
Yeri gəlmişkən, ötən gün Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, komitə Azərbaycandan bəzi dini təriqət nümayəndələrinin Suriya döyüşlərə qatılmasını, qruplara qoşulmasının əleyhinədir. Qeyd edilib ki, dindarlar arasında radikalizmə meylliliyin qarşısının alınması üçün müxtəlif maarifləndirici işlər görür. 
***
Suriyada soydaşlarımızla bağlı yaşanan dramatik olaylar heç şübhəsiz, ilk növbədə Azərbaycan toplumunun yeni bir problemlə üz-üzə qaldığını göstərir. Suriya savaşı artıq Azərbaycanı da "vurub”, ölkəmizi təhlükəyə salıb.

.

musavat.com

Дайджест

Maybe you are interested in:

Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib

Əhməd Davudoğlu: “Rusiya 57 hava hücumundan ancaq 2-də hədəfi düz vurub”

Yeddi ölkə Rusiyanı Suriya müxalifətinə aviazərbələrə son qoymağa çağırıb

Eldar Mahmudov: “Regiondakı bəzi dövlətlər Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışırlar”

İqtidar terror təhlükəsinə qarşı hərəkətə keçdi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz