Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Neft gəlirləri Azərbaycan vətəndaşlarının həyatına necə təsir edir?

Bu dəfə şəhərdə apardığımız sorğu neft gəlirləri ilə bağlıdır. Hamımıza məlumdur ki, ölkə gəlirinin əsasını neft təşkil edir. 

Bəs, əgər belədirsə, ölkədə sosial həyat niyə aşağı səviyyədədir? Neftdən gələn gəlirlər hara gedir, xalqamı, yoxsa..? 

Bu suallara cavab tapmaq üçün həm şəhərin mərkəzində, həm də ətrafında insanlar arasında sorğu apardıq. Müxtəlif cavablar aldıq. Kimisi neft gəlirlərinin xalqa çatdığını, kimisi də bu gəlirlərin xalqa deyil də, məmurlarının cibinə axdığını dedi.
 
Sorğuya ilk olaraq, məişət avadanlıqlarını təmir edən İslam Qədirovla başladıq. O, neft gəlirlərinin onun həyatına heç bir müsbət təsir göstərmədiyini, neft gəlirlərinin onun həyatına xeyrinin olub-olmadığından xəbərsiz olduğunu dedi: "Neft gəlirləri hara gəldi, hara getdi, mənim üçün nə xeyri var? Heç xəbərim yoxdur. Bəlkə də mənə xeyri var, amma bilmirəm ki, nə xeyri var”.
 
"Bəs, neft gəlirləri hara gedir” sualına isə usta belə cavab verdi: "Bəlkə də xalqa çatır, amma mənə çatmır. Bəlkə də abadlığa, pensiyaya, maaşlara gedir, bunların heç birindən xəbərim yoxdur”.

Digər şəhər sakini Fəxriyyə Osmanova neft gəlirlərinin ancaq xalqa çatdığını düşünür: "Neft gəlirləri hər şeyə xeyirlidir. Çox yaxşıdır ki, mənfəəti ölkəyə qalır, xalqa israf olunur. Qoy, bol olsun, neftimiz...”

Şəhərin yaşlı sakini Ədalət Qəniyev xalqa neftdən heç nə çatmadığını dedi: "Neft gəlirləri ancaq Bakının gözəlləşməsinə gedir, xalqa heç nə çatmır, o gəlirlərdən... Heç olmasa, aylıq gəlirləri ayda beş manat belə, qaldırmırlar ki, camaat dolana bilsin”.

Başqa bir şəhər sakini Ramil Axundov neftin ancaq müxtəforların cibinə getdiyini deyir: "Neftin bizə heç bir təsiri yoxdur. Neft pulları ancaq müftəxorların cibinə gedir”.

Şəhərin gənc sakinlərindən də neft gəlirlərinin onların həyatına, xalqa təsiri haqqında soruşduq.

Satıcı olduğunu deyən Orxan Qayıbov isə belə düşünür: "Yaşadığımız ölkəyə neft gəlirləri müsbət təsir edir. Bunun da bizə nəyi pisdir ki..?”

Özünü təqdim etmək istəməyən 
gənc xanım isə neftin onun həyatında heç bir rol oynamadığı qənaətindədir: "Neft mənim həyatımda heç bir rol oynamır. Heç bir təsirini də görmürəm. Neft gəlirləri hara gedir, bilmirəm. Sorğunuza baxaram, əgər cavab tapsanız, mən də sevinərəm”.

Tələbə olduğunu deyən Ayxan Babayev isə neftdən gələn gəlirlərin çox hissəsinin oliqarxların cibinə getdiyini dedi: "Neft gəlirlərinin mənim həyatıma təsirini şəxsi olaraq, görməmişəm. Cüzi miqdarda görmüşəm ki, neftin çox az bir hissəsi təhsilə ayrılır, başqa bir təsirini görməmişəm. Bu halda neft gəlirləri ancaq oliqarxların cibinə gedir”.

Sevda Gündüzova tələbəliklə bağlı hələlik ailəsindən asılı olduğuna görə neft gəlirlərinin təsirini öz həyatında görmür: "Neft gəlirləri haqda heç nə deyə bilmərəm. Çünki hələ tələbəyəm, işləmirəm. Ailəmdən asılıyam. Ailəm öz arasında büdcəni həll etdiklərinə görə, mənə heç bir təsir etmir. Gələcəkdə özüm işləyəndə, hər halda neft gəlirləri mənim həyatıma təsir edəcək”.

"Azərbaycan inkişaf etmiş ölkələr arasında az qalıb ki, öz yerini tapsın. Bu da əlbəttə ki, bizim təbii sərvətimiz olan neftin sayəsində olur. Azərbaycan bu dəqiqə güclü inkişaf dövrünü yaşayır. Gördüyünüz kimi, maaşlar da qaldırılır, hər şey yüksək səviyyədədir. Yeni iş yerləri açılır. Bir sözlə əla...” Bu da şəhərimizin digər gənc sakini 
Elləzov Rasimin fikirləridir.

Digər sakin neftin az hissəsinin təhsilə, idmana ayrıldığı fikrindədir: "Neft gəlirləri həyatıma demək olar ki, heç bir təsir etmir. Ölkədə idmana, təhsilə təsiri ola bilər. Az da olsa, o sahələrə pul ayrılır, neftdən... Yəni o qədər də təsir etmir . Özümüz işləyib, özümüz qazanırıq. Yəni, o da neftdən gələn gəlir deyil”.

Taksi sürücüləri Amil Kərimov və Hüseyn Əliyev neftdən onlara heç nə çatmadığını dedilər: "Nə deyim sizə..? Neftdən heç nə görmürük. Hər ay bizə neftdən pul çatmalıdır, ancaq çatmır. Kreditdəyik bu gün... O krediti necə ödəyək, heç bilmirik. Çox çətindir. Hələ deyirlər, apreldən benzinin qiyməti yenə qalxacaq. Adicə siqaretin pulunu qaldırıblar. Günü-gündən qiymətlər qalxır. Qiymətləri aşağı salmaqdansa, daha da qaldırırlar. Dolanışıq yoxdur. Necə dolanaq?”

.

musavat.com

.

Maybe you are interested in:

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

SOCAR öz işçilərinin əməkhaqlarını artıra bilməyəcək

Əfqanıstanın neft naziri Bakıda səfərdədir

Neft 68 dollara enib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz