SOCAR öz işçilərinin əməkhaqlarını artıra bilməyəcək
Azərbaycan Dövlət Neft Şirkəti inflyasiyadan dəyən zərəri işçilərin əməkhaqlarının artırılması hesabına kompensasiya etməyə çalışacaq. Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev ötən həftənin sonunda Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşündə bildirib.
"2007-ci ildə biz əməkhaqlarını 25% artırdıq. Sonrakı illərdə də daim əməkhaqlarını artırmışıq. Hazırda SOCAR əməkdaşlarının əmək haqları digər dövlət müəssisələrinin işçilərinin əməkhaqlarından yetərincə yüksəkdir”, - R.Abdullayev bildirib.
SOCAR rəhbəri xatırladıb ki, dünya bazarında neftin qiymətinin enməsi fonunda şirkətin də gəlirləri azalıb, büdcədə kifayət qədər vəsait yoxdur.
"Biz bəzi yardımı göstərməyə çalışırıq. Lakin yenə də təkrar edirəm ki, bizim işçilərin əməkhaqları ilə digər büdcə təşkilatları işçilərinin əməkhaqları arasında böyük fərq var”, - qeyd edib.
Turan SOCAR-ın 2014-cü il üçün audit edilmiş son hesabatını təhlil edərək belə nəticəyə gəlib ki, karbohidrogenlərin qiymətinin aşağı olduğu vaxtda Dövlət Neft Şirkətinin öz işçilərinin əməkhaqlarını artırması üçün sərbəst resurs demək olar ki, qalmır. Məlumdur ki, bəzi hallarda SOCAR quru yataqlarında işə cəlb edilən əməkdaşları məzuniyyətə göndərir. Belə ki, neft hasilatında əsas xərclər mənbəyi (16,4%) əməkhaqqı fondunun payına düşür, qaz hasilatında isə əməkhaqqı fondu amortizasiya ayırmalarına güzəştə gedir. Odur ki, enerji resurslarının qiymətinin aşağı olduğu indiki şəraitdə neft və qazın maya dəyəri əməkhaqqı artımına mənfi təsir göstərir. SOCAR-ın hesabatına görə, 2014-cü ilin yekunlarına əsasən şirkətin orta əməkhaqqı 882,08 manat təşkil edib ki, bu da ölkə üzrə göstəricidən 2 dəfə çoxdur. Bundan əlavə, obyektiv səbəblərə görə, (yataqlar işlənmənin gecikmiş mərhələsindədir) bu il SOCAR-ın karbohidrogen hasilatının azalması gözlənilir.
.
Maybe you are interested in:
SOCAR bahalı villaların şirkətə məxsus olduğunu inkar edir
Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir