Federal lәzgi
milli-mәdәni muxtariyyәti

OGPC: Məntiq nikahı

 

Сümə axşamı, martın 26-da ABŞ-ın Azərbaycandakı səfirliyi kommersiya tipli məlumatı yayıb. Məlumata əsasən tenderin yekunlarına görə SOCAR Dövlət Neft Şirkəti yeni neft-qaz emalı və neft-kimya kompleksi layihəsinin idarə edilməsi üzrə müqaviləni Amerikanın Fluor Limited korporasiyası ilə bağlayıb.

Layihənin meneceri olan Flour şirkəti podratçıların müəyyən edilməsinə, qaz emalı və neft-kimya zavodlarının tikintisi zamanı mühəndislik işlərinin həyata keçirilməsinə və onların təchizatına kömək edəcək.

Layihənin icrası Fluor-un Britaniyanın Farnboro şəhərindəki ofisi tərəfindən həyata keçiriləcək. Neft-qaz emalı və neft-kimya kompleksləri Bakının Qaradağ rayonunda tikiləcək. Kompleksin 2019-cu ildən 2023-cü ilə qədərki dövr ərzində mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır. Layihənin dəyəri 14 mlrd. dollar olaraq qiymətləndirilir.

Məbləği açıqlanmayan layihənin icrasına, ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, 2015-ci ildə başlanacaq.

Bunula bağlı iki fakt maraq doğurur. Birincisi, tenderin yekunları haqqında məlumatı Azərbaycan hökuməti və hətta SOCAR və Fluor deyil, Amerikanın diplomatik nümayəndəliyi elan edib. Baxmayaraq ki, Fluor martın 18-də öz saytında tenderdə qalibiyyəti haqqında məlumat yerləşdirib. İkincisi isə, 2014-cü ilin noyabr ayında keçirilmiş "ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi üzrə Forum”da (OGPC) SOCAR bu layihə ilə nə cürsə əlaqəsi olan şirkətlər arasında Fluor-un adını çəkməmişdi. Həmin vaxt SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, OGPC-nin tikintisinin maliyyələşdirilməsi üzrə UniCredit, RBS, Societe Generale, BNP Paribas, ING, Credit Agricole və ECGD (Böyük Britaniyanın ixrac kreditləri üzrə zəmanət departamenti) təklif vermişdi. Layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) Technip, Foster Wheeler, UOP şirkətləri tərtbi ediblər.

Forumda Abdullayev qeyd edib ki, kompleksin ikimərhələli layihəsi 2020-ci ilə qədər ildə 12 mlrd. kubmetr gücü olan qaz emalı zavodunun, habelə ildə 860 min ton gücü olan polimer istehsalı üzrə neft-kimya zavodunun tikintisini nəzərdə tutur. Layihənin birinci mərhələsinin ümumi dəyəri 8,5 mlrd. dollar qiymətləndirilirdi. 2030-cu ilə qədər neft-qaz emalı və neft-kimya kompleksinin tikintisinin tamamilə yekunlaşacağı planlaşdırılırdı. Yeni layihələr Bakıdan 60 km cənub-qərbdə Ələt rayonunda cəmləşir. OGPC-nin ümumi ilkin dəyəri 17 mlrd. olaraq qiymətləndirilirdi, onun 70%-i qeyri-dövlət investisiyalarının payına düşür.

Amerika və Azərbaycan tərəflərin təqdimatlarından göründüyü kimi, komplekslərin işə salınması qrafiki 7 il sıxışdırılıb və 2030-cu ildən 2023-cü ilə keçirilib. Buna Azərbaycanda neft hasilatının durmadan azalması və enerji daşıyıcılarının qiymətinin azalması, habelə 2019-cu ildən sonra dünyada neft-kimya məhsullarına tələbatın artacağının gözlənilməsi ilə bağlı son təmayüllər şərait yarada bilərdi. OGPC Azərbaycan hökuməti üçün müəyyən mənada xilas halqasına çevrilir, ona görə ki, neft-qaz xammalından istehsal edilən hazır məhsul xeyli bahadır və neft ixracından bəzi itkiləri qarşılamaq iqtidarındadır.

Lakin rəsmi Bakının sevinməməsi və hətta tender nəticələri barədə susması göstərir ki, İlham Əliyev administrasiyası Fluor-un seçilməsindən məmnun deyil. Son illər neft dollarları üzərində möhkəmlənmiş Azərbaycan tərəfi layihələrin idarəetməsini özü həyata keçirməyə çalışır ki, bu da elitanın müəyyən şəxsi maraqlarını təmin etməyə imkan verir. Neftlə bağlı "Əsrin müqaviləsi”ndən sonra əhəmiyyətcə ikinci qlobal layihənin idarəetməsinin Transparency İnternational-dan anti-korrupsiya nailiyyətlərinə görə mükafat almış Amerika şirkətinə verilməsi isə ona yaxşı heç nə vəd etmir.

Fluor Corporation (NYSE: FLR) saytında deyilir ki, şirkət dünyada ən mürəkkəb layihələrdən bəzilərini layihələşdirən və tikən beynəlxalq mühəndislik-inşaat şirkətidir.Şirkət öz müştəriləri üçün layihələşdirmədə, alqılarda, qlobal layihələrin hazırlanmasında, inşaatında, istismarında və idarə edilməsində yenilikçi həllər yaradır. Bir əsrdən çoxdur ki, Fluor energetika, kimya, dövlət, sənaye, infrastruktur, mədən, elektroenerji sektorlarında müştərilərə xidmət göstərib. Korporasiyanın qərargah-mənzili Texas ştatının İrvinq şəhərində yerləşir. Fluor FORTUNE jurnalının versiyasına görə ABŞ-ın 500 ən böyük şirkəti siyahısında 109-cu yeri tutur. Korporasiyanın bütün dünyada 40000 əməkdaşı var. 2014-cü ildə şirkətin gəliri 21,5 mlrd. dollar təşkil edib.

Tenderin nəticələrinin sevgi deyil, məntiq nikahı olduğunu Vaşinqton və Bakı arasında layihə üzrə danışıqların 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəldiyi andan etibarən davam etməsi faktı da sübut edir. 2005-ci ildə müxalifətin qanlı əzilməsi ilə başa çatan parlament seçkiləri ərəfəsində Dövlət Departamenti və Nazirlər Kabinetinin iştirakı ilə Amerika tərəfinin OGPC layihəsini hazırlaması haqqında memorandum imzalanıb. Bu, gələcək inşaatı və layihənin idarəetməsini də onun həyata keçirəcəyini işarə edirdi.

Göründüyü kimi, yekun qərarın qəbul edilməsi üçün 10 il tələb olunub. Və yuxarıda da qeyd edildiyi kimi, tərəfləri bu nəticəyə neft qiymətlərinin ucuzlaşması, iqtisadi böhran, neft-kimay məhsullarına tələbatın artmasının gözlənilməsi sövq edib. Həmçinin Azərbaycandan totalitar əlamətləri olan avtoritar sistemdə islahatlar tələb edən 2015-ci il amilini də nəzərə almaq lazımdır. Bu il mühüm hadisələrlə boldur, onlara mayda Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan "Strateji müasirləşmə haqqında” sazişi, iyunda Bakıda keçiriləcək Avropa Oyunlarını, noyabrda keçiriləcək parlament seçkilərini, bir çox öhdəliklər yaradan Türkiyədə G20 sammitində prezident Əliyevin iştirakını aid etmək olar. Buna görə "Ələt” layihəsinə təkcə müsbət dəyişikliklərin müjdəçisi kimi deyil, həm də Azərbaycanın yeni iqtisadiyyatının növbəti lokomotivi kimi baxmaq olar.

 

Turan Analitika Xidməti

.

contact.az

.

Maybe you are interested in:

SOCAR bahalı villaların şirkətə məxsus olduğunu inkar edir

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

Amerikanın Fluor Limited şirkəti Azərbaycanın neft-qaz-kimya kompleksinin idarə olunması üzrə tenderdə qalib gəlib

Neft 68 dollara enib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz