Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Haqq olmağın bədəli...

 
 
(Yazı qanunsuz həbsdə olan vicdan və siyasi məhbuslara, dəyərli dostlarımıza həsr olunur)

 

... Haqq olmaq həqiqəti demək və yürütməkdir. Haqq olmaq ədalətli olmaqdır. Haqqa yaxın olmaq xalqa yaxın olmaqdır. Bu gün haqq olmaq, ədalətli olmaq, xalqa yaxın olmaq şərəfli  olduğu qədər də çətindir. Çünki mizan- tərəzinin əyildiyi, yalanın ayaq tutub yeridiyi, zorun haqdan qabağa keçdiyi məmləkətimizdə doğrunun yanında olmağın çox ağır bədəli var...

Məhz bu səbəbdəndir ki, hazırda ölkəmizdə 100- dən çox siyasi məhbus var. Başqa sahələrdə olmasa da bu məsələdə dünyanın lider ölkələrindən biriyik. Hakimiyyət üst- üstə onlara 633 il iş kəsib. Hələ istintaqı davam edən 15 nəfər bura daxil deyil. Qanunsuz həbsdə olan İntiqam Əliyev, Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov və digər ləyaqətli dostlarımız həqiqəti söylədikləri, haqqın və haqqı- hüququ tapdananların yanında olduqları üçün şərlənib həbs olunublar. 21 ildir hakimiyyəti zəbt edib ölkədə monorxist rejim qurmaq istəyənlər xalqın müqavimətini tam qırmaq, onu susdurmaq, diz üstə yalqız və köməksiz qoymaq üçün ləyaqətli insanları sıradan çıxartmağa çalışırlar.

Həbsdə olan hisslərimiz və duyğularımız...

... Xalq ziyalı insanlarının çiyinlərində ucalır. Bu gün qanunsuz həbsdə olan İntiqam Əliyevin timsalında Azərbaycan xalqı kamilləşmək, müdrikləşmək, özünü tanımaq və özünə qayıtmaq imtahanı verir. Onun həbsi ilə qanunlarımız və hüquqlarımız həbsdədir. Xanım Leyla Yunusun simasında toplumun ləyaqət hissi, qeyrət duyğusu həbsdədir. Anar Məmmədlinin şəxsində obyektivlik, NİDA- çıların qismində cəmiyyətin cəsarət hissi, Hacı Taleh Bağırzadənin timsalında iman duyğusu, Tofiq Yaqublunun  nümunəsində döyüş ruhumuz həbsdədir. Həbsdə olan bu vicdan məhbuslarının qismində isə Azərbaycanın vicdanı həbsdədir. Xalq olaraq onların azadlığına nail olmamız artıq bizim yetkin, müdrik, özünü tanıyan xalq olmamız demək olacaq. Onun ugrunda canından və azadlığından keçməyə hazır olan İntiqam bəyin, Leyla xanıçın, Anar bəyin, Tofiq bəyin azadlığı üçün ayağa qalxıb onlara sahib çıxmağı bacaran xalq HƏQİQİ XALQdır. Yenilməzdir!

Onlar bu xalqı, milləti sevdi. Bəlkə də yeganə "suçları” da budur. Əgər buna "suç” demək mümkündürsə... Haqqı dedilər, gerçəyi söylədilər. Əyriliyə, yalana, saxtakarlığa boyun əymədilər, göz yummadılar.  Əzilənlərin, haqqı yeyilənlərin və tapdalananların yanında oldular. Köməyə, dəstəyə ehtiyacı olanların əllərini çevirmədilər. Qorxudan, təzyiqdən, təhdiddən, zindandan qorxmadılar.

Haqqa sevdalılar...

Onlar haqqa, ədalətə, düzgünlüyə, insanlığa dayaq durmağa sevdalı oldular. Onların bir çoxu başda Leyla Yunus olmaqla ağır xəstədir. Müxtəlif ölkələrin mükafatlarına layiq görülmüş bu mübariz xanım vətəndə "ən böyük mükafatı” özünün və ərinin həbsə atılması, yeganə qızının mühacirətdə yaşamasıdır. Bu hakimiyyət ədalət və insanlıq hissini itirib qisasçılıq xəstəliyinə o qədər düçar olub ki, 63 yaşlı ölüm ayağında olan, bütün dünyanın tanıdığı və sevdiyi xəstə yaşlı bir qadını bunca etirazlara və çağırışlara baxmayaraq soyuq zindanda saxlamaqdan zövq alır. Onu damla- damla, əridə- əridə öldürmək istəyir. Qoy Azərbaycan qadınına sərgilənən bu münasibətin adını bu rejimə xidmət edənlər və əqidəsini, mübarizəsini satan "dostlarımız” desinlər. Bütün bu zülmə, qəddarlığa, despotizmə baxmayaraq Leyla xanım əsl centlemenlik, xanımlıq və hətta deyərdim KİŞİLİK nümunəsi  göstərir. Əyilmir, sınmır və dəmir barmaqlılar arasında da mübarizəsini ləyaqətlə davam etdirir.

Bu gün onunla yanaşı həbsdə olan digər dəyərli mübariz insanlar İntiqam Əliyev, Anar Məmmədli, Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov, Taleh Bağırzadə, Mövsüm Səmədov, Əvəz Zeynallı, Nemət Pənahlı, Əli İnsanov, Seymur Həzi və başqaları da bütün çətinliklərə, təzyiqlərə baxmayaraq dörd divar arasında belə şərin, irticanın qarşısında əyilməzlik, sınmazlıq simvoluna çevriliblər. Onların əyilməzliyi, məğlubedilməzliyi həm də Azərbaycan xalqının mübarizə əzmi, qürur mənbəyi və cəsarət simvoludur.

Haqq olmanın bədəlini ödəyənlər...

Azərbaycanda haqq olmanın, haqqına sahib çıxmanın bədəli həbsxanalardan keçir. Saysız- hesabsız əziyyətlərdən, mərhumiyyətlərdən, övladları, ailəsi, canıyla, qanunsuz həbslərlə, mühacir həyatı ilə  sınağa çəkilməkdən  keçir.

Amma insanlığa sahib olmanın da yolu haqqına sahib çıxmaqdan keçir. Unutmayaq ki, zalımla məzlumun o dünyada cəzası eynidir. Bu gün həbsxanalarda olan, adını çəkdiyimiz və çəkmədiyimi siyasi məhbuslar haqq olmanın bədəlini ödəyirlər.

Yeri gəlmişkən Azərbaycanda kadr qıtlığının "xiffətini çəkən” PA rəhbəri Ramiz Mehdiyevə də xatırladaq ki, bu gün həbsdə olan intelekt məhbusların, ölkədən didərgin salınan bacarıqlı insanların sayı ilə nəinki Azərbaycanın, bütün Qafqazın kadr bankını təmin etmək olar. Yalançı vətənpərvərliyə və gözə kül üfürməyə ehtiyac yoxdur...

Dünya adına utanc...

Sonda bir şeyi də qeyd edək... Hakimiyyəti qəsb edib, mandat alverinə qurşananların, xalqın malını, sərvətini, neft gəlirlərini talan edənlərin, Azərbaycanı nakrotika tranzitinə çevirənlərin azadlıqda mütləqi- hakim olduğu bir dönəmdə şərlənərək həbs olunan yüzlərlə azərbaycanlı siyasi məhbusu yerli və beynəlxalq ictimaiyyətə tanıdan, onların hüquqlarını qoruyan tanınmış hüquq müdafiəçisi, bir sıra beynəlxalq ödüllərin sahibi Leyla Yunusun, 300- ə yaxın haqqı- hüququ tapdanmış insanın Avropa Məhkəməsinə haqq səsini çatdırmış, onun həmkarı İntiqam Əliyevin, hakimiyyətin qəsb olunmasını faktlarla sübut edən Anar Məmmədlinin, təpədən- dırnağa demokratik ruhlu bir insan, Avropa Şurasının yaxın partnyoru, haqqında Avropa Məhkəməsinin və Avropa İttifaqının icra olunmamış qətnamələri olan İlqar Məmmədovun və digər dəyərli insanların şərlənərək həbsxanalarda saxlanması təkcə Azərbaycan adına deyil, dunyanın demokratik ictimaiyyəti adına utancdır.

Sizin azadlığınız bizim azadlığımızdır...

...Yaxşı ki, sizlər varsınız. Sizin kimi insanların varlığı, xalqın mübarizə əzminin ölmədiyini, onun böyüklüyünü, soysuz olmadığını və mutləq bir gün aparılan mübarizənin məntiqi sonluqla- qələbə ilə nəticələnəcəyini göstərir.

Sizlər azadlıq və demokratiya ugrunda mübarizə aparan yorulmaz fədailərsiniz.

Sizlərin varlığı, mübarizəsi və azadlığı bizim xalq, millət olmamız deməkdir.

Çünki sizin varlığınız və azadlığınız bizim xalq olaraq varlığımız və azadlığımız deməkdir.

İnanırıq ki, tezliklə azadlığa qovuşacaqsınız, sizlərlə birgə xalqımız da haqq etdiyi azadlığına qovuşacaq!

Buna hər kəs əmin olsun! Hələ heç bir zülm yerdə qalmayıb. Heç bir diktator zor və qorxu gücünə taxtını qoruya bilməyib.

Unutmayaq ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var...  

Aydın sabahlara doğru!

 

P. S. 30 noyabr dəyərli insan, hüquq ustadı İntiqam Əliyevin doğum günüdür. Təbrik edirik, ustad. Biz sizinlə fəxr edirik. Yaxşı ki, sizin kimi insanlar var!

Oqtay Gülalıyev

.

contact.az

.

Maybe you are interested in:

Yarımçıq əfv sərəncamı…

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

O.Gülalıyev: "Son əfv olunanların yarıdan çox ağır cinayət törədib və cəzalarının heç 1/3- də çəkməyiblər"

Həbsdə olan hüquq müdafiəçisi “Qurbanların səsi” kampaniyasına təşəbbüs göstərir

Müsavat Partiyasının mitinqinin iştirakçıları siyasi məhbusların azad olunmasını tələb ediblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz