Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xədicə İsmayıl çoxdan fərd deyil, simvoldur

 

Bir çimdik siçan dərmanı ilə intihara edilən uğursuz cəhd çox siçovulları yuvasından çıxardı

Milli Şuranın sədri Cəmil Həsənli həbs edilmiş araşdırmaçı jurnalist Xədicə İsmayıl haqqında yazıb. Onun facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:

Apelyasiya məhkəməsi Xədicəni həbsdə saxlamağa qərar verdi. Belə də olmalı idi. Ayrı bir şey gözləmirdim. Ölkəmizdə məhkəmə sisteminin özü yox, kölgəsi mövcuddur. Amma qış vaxtında günəş tutqun olduğundan bu kölgə də çox bulanıq görsənir. Xədicənin bədirlənmiş aya bənzər parlaq sifəti və açıq alnı qarşısında məhkəmə orqanının bulanıq silueti və hakimin yaxası qaytanlı qara ləbbadəsi hökmün məzmununu əvvəlcədən müəyyənləşdirmişdi.

Ölkədə intihar halları baş alıb gedir. Hamısının səbəbi haqsızlıq, hüquqsuzluq, ədalət anlayışının ərşə çəkilməsidir. İndiyə qədər özünə od vurub yandıran adamların ərşü-əlayə qalxan alovu hökumət rəsmlərindən heç kimin qəlbini isitməsə də, bir çimdik siçan dərmanı ilə intihara edilən uğursuz cəhd çox siçovulları yuvasından çıxarmışdır. Xədicənin həbsi labüd idi. Ancaq adamı yandıran odur ki, nə Ceyhun Osmanlının sayıqlığı nəticəsində aşkar olmuş "dövlət sirrinin”, nə ölkənin baş bayraqdarının "şərəf və ləyaqət” davasının bir çimdik siçan dərmanı qədər hüquqi qüvvəsi yox imiş. Məncə bu siçan dərmanının Azərbaycan hüquq sistemində üstün qüvvəyə malik olması onun bir az narkotikaya bənzəməsi ilə bağlıdır. Əslində, hüquqi məntiq baxımından Xədicənin cibinə də narkotika atmalı idilər. Amma o olmasın, bu olsun. Nə fərqi var? Əsas məsələ çoxdan inkişafdan qalmış hüquq elminə yenilik gətirmək idi. Eyni nömrəli silahı bir neçə nəfərin evinə, maşınına atan, tiryək dumanında xamuş olub Molotov kokteyli ilə döyüşə gedən şanlı hüquq orqanlarımızın işi axırda gəlib bu siçan dərmanına dayanmalı idi. Sən demə məmləkətin nicatı elə bu siçan dərmanında imiş.

Nədir sirri bu siçan dərmanının? Böyük ideallar uğrunda mübarizə aparan, ölkənin kişili-qadınlı dirəniş yükünü öz üzərinə alan, cəmiyyətə nümunə verən və ictimai mübarizənin simvoluna çevrilən bir ictimai xadimi və qələm əhlini məişət məsələlərində suçlu bilib böyük idealları məişət çirkabına bulaşdırmaq. Məqsəd budur. Zatən bir sıra mətbuat orqanları Xədicə xanımı "müdafiə” adı altında çox məharətlə bu işi görür, onun parlaq ictimai məzmun kəsb edən əməllərini bir yana qoyub məişət xronikası yaradır. Bununla da həbsin əsas səbəbi kimi Xədicənin hakim ailəyə və hakim elitaya qarşı apardığı mübarizəni və bu mübarizədə ortaya qoyduğu iradəni asanlıqla "sındırıb”, həbsin siyasi məzmununu məişət hekayəsinə transfer edirlər.
Sözün doğrusu, Xədicə İsmayıl artıq çoxdan fərd deyil, simvoldur - öz içində azadlığa tapınmaq simvolu, özünü ifadə etmək simvolu, cəsarət simvolu, həqiqətin gözünə dik baxmaq simvolu. Gözü kölgəli bir məmləkətdə bu keyfiyyətlər qibtə ediləcək dəyərlərdir. Məhz, bu dəyərlərin ifadəçisi kimi o, məmləkətin zərif cinsinin gücünü ortaya qoydu, çoxlarının cəsarət edə bilməyəcəyi bir işi gördü, vətən və millət kəlmələrini vicdan meyarları ilə cilaladı.

Xədicənin gözəl mütaliəsi var. Azərbaycan, rus və ingilis dillərində mütaliə imkanları onun intellektual səviyyəsini xeyli yüksəltmişdir. Əslində tapındığı dəyərlər, hadisələrə, proseslərə və adamlara münasibətdə birmənalı mövqe sərgiləməsi yüksək ideallara can atması ilə bağlıdır. Mən onda çoxlarında təsadüf etdiyim yarımçıq münasibət, yarımçıq mövqe görmədim. Fiziki varlığı kimi şəxsiyyəti də bütövdür, çəkisi boyda ürəyi var. Millətimizin dürüst bir həyata qovuşması naminə onun etdiyi xeyirli əməlləri, məhz belə böyük ürək sahibi edə bilər. Həyatda mən bircə dəfə onun çöhrəsində bir-birini izləyərək aşağı süzülən göz yaşı damlalarının şahidi olmuşam. Bu, qədim Dağlı məhəlləsində Eynulla həbsdən çıxan axşama təsadüf edib. Sonralar kədərlə xatırlanan sevinc yaşları idi.

http://www.azadliq.info

.

contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın şikayəti icraata götürülüb

Xədicə İsmayıl ilk dəfə ailə üzvləri ilə görüşüb

C.Həsənli: Adımdan yayılan xəbərlərin mənə aidiyyatı yoxdur

Xədicə İsmayılovaya xəbərdarlıq edilib

Məhkəmə Xədicə İsmayılovanı həbsdə saxlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz