ABŞ prezidenti Barak Obamaya açıq məktub
Hörmətli, cənab prezident!
Mən sizə ABŞ vətəndaşı, sizin seçiciniz, Azərbaycanda saxta ittihamlarla həbsdə olan ailə üzvlərim - qardaşım Arif Yunus və onun həyat yoldaşı Leyla Yunusu xilas etmək üçün imkanları tükənmiş bir şəxs kimi müraciət edirəm. Amnesty International, Human Right Watch, Freedom House onları Azərbaycanda siyasi məhbuslar siyahısına daxil ediblər.
Məlumat üçün bildirim ki, Leyla və Arif dünya şöhrətli tarixçilərdir, Sülh və Demokratiya İnstitutuna rəhbərlik ediblər, hüquq-müdafiə fəaliyyəti ilə məşğul olublar, demokratik dəyərləri müdafiə ediblər, avtoritar Azərbaycanda insan hüquqlarını qoruyublar.
2013-cü ildə L.Yunus Fransanın ali ordeni ilə təltif edilib və Fəxri Legion Ordeni kavaleri olub. Bu yaxınlarda Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Həbsdə olduqları son 7 ay ərzində bir çox beynəlxalq təşkilatlar, Fransa və Almaniya prezidentləri də daxil olmaqla, dünyanın siyasi liderləri onların müdafiəsinə qalxıblar. Avropa Parlamenti onların dərhal azad edilməsi tələbilə xüsusi qətnamə qəbul edib. Vaşinqtonda da onların azadlığa buraxılması tələbilə bir neçə bəyanat səslənib. Dövlət Departamenti və ABŞ Konqresi Helsinki Komissiyası bəyanatla çıxış edərək narahatlıqlarını bildiriblər. Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair bir neçə dinləmə keçirilib.
Lakin bu çağırışlara baxmayaraq, Azərbaycanın avtoritar rejimi nəinki siyasi məhbusları azad etməyib, hətta QHT-lərə, siyasi fəallara və jurnalistlərə hücumları artırıb, bununla da Azərbaycan ATƏT-ə daxil olarkən imzaladığı öhdəliklərə məhəl qoymayıb.
Hakimiyyət yalnız yerli dissidentlərə deyil, həm də ABŞ vətəndaşlarına, onların ailə üzvlərinə, ölkədə fəaliyyət göstərən Amerika institutlarına hücum edir. Amerikanın NDI, IRI, IREX və Sülh Korpusu təşkilatlarının yerli şöbələri bir-birinin ardınca bağlanıb. Bu yaxınlarda isə "Azadlıq” radiosunun Azərbaycandakı nümayəndəliyi bağlanıb və bu, ABŞ dövlət katibi Kerri ilə prezident Əliyevin telefon söhbətindən sonra baş verib.
Hörmətli, cənab prezident!
Azərbaycanda daha nələr baş verməlidir ki, ABŞ avtoritar rejimə qarşı ikili standartlara son qoymağın vaxtının çatdığını anlasın?
Məgər aydın deyil ki, Ukrayna ətrafındakı hadisələr rejimi elə qorxudub ki, o, Bakıda Maydan hadisələrinin təkrarlanmaması üçün preventiv tədbirlər keçirməyə başlayıb?
Axı ilk növbədə Azərbaycanın gələcəyini avrointeqrasiyada görən, bu ölkədə demokratik dəyərləri müdafiə edən fəallar həbs olunur, təqib edilir. Məgər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Amerika eleyhinə manifesti Bakının Rusiyaya yönləndiyinə parlaq nümunə deyilmi?
Uzun illər Azərbaycan rəhbərliyini və onun ətrafını tanıyan şəxs kimi deyə bilərəm ki, onlar yalnız bir şeydən qorxurlar – özlərinin nəhəng maliyyə vəsaitlərini və hakimiyyəti itirməkdən. Odur ki, yalnız onlarla güc mövqeyindən danışan insanlara hörmət edir və qorxurlar ki, bunu da Putin məharətlə edir.
Artıq çoxdan başa düşmək lazımdır ki, Azərbaycanda digər metodlar işləmir, üstəlik də bu gün - bu illər ərzində Azərbaycanda qərbyönlü dəyərləri müdafiə edən şəxslərin həbsxanada olduqları bir vaxtda.
Hakimiyyət bu yay Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində bu sahədə məharətlə təmizlik işləri aparıb. Bütün bunlar ABŞ və onun Avropadakı müttəfiqlərinin səhlənkarlğı fonunda baş verir.
Hörmətli, cənab prezident!
12 il öncə mən ailəmlə ABŞ-a gəldim və burada siyasi sığınacaq aldım. Bir çox mühacirlər kimi mən də həyata demək olar ki, yenidən başladım. Bu, mənim ailə üzvlərim üçün mürəkkəb adaptasiya yolu idi. Lakin ABŞ mühacirlər ölkəsidir və burada mühacirlərin yeni həyata başlamaq şansı əldə etməsi üçün bütün şərait yaradılıb. Bu gün fəxrlə deyə bilərəm ki, mənim ailə üzvlərim bu yolu keçib və ABŞ-ın tamhüquqlu vətəndaşları və sizin seçicilərdir. Lakin mən ailə üzvlərimin hamısının bu azad dünyada həyatın sevincini bölüşə bilməməsi ilə barışa bilmirəm. Odur ki, sizə müraciət edirəm.
Hörmətli, cənab prezident!
Qardaşımı və onun həyat yoldaşını xilas etməkdə mənə kömək edin. Onları real ölüm təhlükəsi gözləyir. Belə ki, onlar həbsxanada mənəvi və fiziki təzyiqlərə məruz qalırlar. Onlar gənc deyil, hər ikisinin 60 yaşı var.
İmkan tapıb bu məktubu oxuyacağınıza, mənim SOS siqnalımı eşidəcəyinizə, onların xilası üçün mümkün olan hər şeyi edəcəyinizə çox ümid edirəm.
Həmçinin ümid edirəm ki, başa düşürsünuz ki, sizinlə strateji maraqları olan ölkədə elementar demokratik normalar qorunmadan ABŞ-ın enerji təhlükəsizliyi mümkün deyil. Vaxtilə Benjamin Franklin demişdir: "Təhlükəsizliyi naminə azadlığını qurban verən nə azadlığa, nə də təhlükəsizliyə layiq deyil”. Ümid edirəm ki, ABŞ mənim ailə üzvlərimi özünün enerji təhlükəsizliyinə qurban verməyəcək.
Dərin hörmətlə,
Ramis Yunus
.
Maybe you are interested in:
Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir
Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər