Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ-da Azərbaycanla bağlı böyük qalmaqal

 

«The Washington Post» Azərbaycan Dövlət Neft Şirkətinin 750 min dollarlıq gizli əməliyyatından yazır

 
"The Washington Post”un əldə etdiyi gizli hesabata görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəyib. Sənədə görə, onlar 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edib. Iştirakçılar arasında prezident Barak Obamanın keçmiş yüksək səviyyəli yardımçılarından da 3 nəfər olub.
"Azadlıq” radiosunun məlumatına görə, qəzet bu haqda belə yazıb:
 
"Konqresmenlər və onlarla birlikdə səfərdə iştirak edənlərə yüz minlərlə dollar səfər xərcləri, ipək şərflər, büllur çay dəsti və dəyəri 2500-dən 10000 dollara qədər olan Azərbaycan xalçaları verilib. Səfərdə konqresmenlərin bəzilərinin xanımları da iştirak ediblər. Səyahət sənədlərinə görə, onların təyyarə biletlərinə 112 min 899 ABŞ dolları ödənilib”.
"The Washington Post”un yazdığına görə, SOCAR səfərin 750 min dollarlıq xərclərini ABŞ-da yerləşən qeyri-hökumət təşkilatlarından biri vasitəsilə ödəyib ki, gerçək maliyyələşmə mənbəyini gizlətsin.
 
Hesabatı ABŞ Nümayəndələr Palatasının müstəqil bölməsi olan "Konqres etikası ofisi” hazırlayıb.
 
Bu, 7 il əvvəl yaradılan etik ofisin indiyəcən apardığı ən dərin araşdırmadır. Etik ofis o zaman bir sıra qalmaqallardan sonra, o cümlədən lobbiçi Jak Abramofun konqresmenlərin səfər xərclərini ödəməsi aşkara çıxandan sonra yaradılmışdı.
 
Azərbaycanla bağlı məsələdə qeyri-kommersiya korporasiyaları Konqresə saxta müraciət ünvanlayaraq, guya, konfrans maliyyələşdirdiklərinə and içiblər. Bu saxtakarlıq üzə çıxarılaraq Nümayəndələr Palatasının etika komitəsinə yönləndirilib. Komitədən istənilib ki, bu məsələdə, xarici ölkə hökumətlərinin ABŞ-ın dövlət siyasətinə təsirini qadağan edən federal qanunların və Konqres qaydalarının pozulub-pozulmadığını araşdırsın.
 
Etik komitənin direktoru Tom Rust məsələni şərh etməkdən imtina edib. O, "Mən təhqiqatla bağlı məsələləri şərh etmirəm”, - deyə bildirib.
Söhbət 2013-cü il mayın 28-29-da keçirilən "ABŞ-Azərbaycan görüşü. Gələcəyə baxış” adlı konfransdan gedir.
 
Həmin dövrlərdə ARDNŞ və bir sıra iri enerji şirkətləri Xəzər qazını Avropaya daşıyacaq 28 milyard dollarlıq boru kəməri layihəsinin ABŞ-ın Irana qoyduğu sanksiyaların təsiri altına düşməməsinə çalışıblar.
 
Layihə uzun müddət ABŞ xarici siyasəti üçün prioritet olub. Məqsəd enerji təhlükəsizliyi baxımından Avropanın Rusiya qazından asılılığını azaltmaqdır.
Xəzər qazının çıxarılmasında isə ARDNŞ-in tərəfdaşlarından biri Iranın Milli Neft Şirkətidir. Konkret olaraq, "Şahdəniz” yatağının istismarında.
 
Araşdırmanı aparanlar bildirirlər ki, konfrans keçirdiklərini deyərək Konqresə iki təşkilat müraciət edib: Amerikalı və Avrasiyalıların Şurası və Azərbaycanın Dostları Assambleyası (AFAZ). Halbuki, konfransın xərcini onlar yox, ARDNŞ çəkib. Konfransa gedən konqresmenlər deyiblər ki, səfəri Konqresin etika komitəsi ilə razılaşdırıblar.
 
Araşdırmanı aparanlar konqresmenlərin, tutduqları mövqedən istifadə edərək ARDNŞ-in və qaz kəməri layihəsinin maraqlarını təmin etməyə çalışıb-çalışmadıqlarını dəqiq müəyyən edə bilməyib.
 
Konqresin müstəqil etika ofisi araşdırma ilə məşğul olduğu dövrdə Konqresin Etika komitəsi ona müraciət edib. Xahiş edib ki, araşdırmanı dayandırsın.
Konqresin etika komitəsi deyib ki, araşdırmanı özü aparmaq istəyir. Amma müstəqil etika ofisi bundan imtina edib. Çünki Konqresin etika komitəsi haqda belə bir rəy geniş yayılıb ki, o, Konqres üzvlərini məyus edən məsələləri daim ört-basdır etməyə çalışır.
 
Amma məlumdur ki, 2012-13-cü illərdə Konqres Irana sanksiya qoyan iki sənəd qəbul edib. Azərbaycan qazı ilə bağlı layihə onların hər ikisində istisna hal kimi sanksiyaların təsirindən azad edilib. Hər iki sənədi prezident Obama da imzalayıb. Sözügedən konfransdan 5 gün sonra - 2013-cü il iyunun 3-də isə Obama Iranla bağlı sanksiyalara dair daha bir sərəncam imzalayıb. Azərbaycanla bağlı qaz kəməri layihəsi yenə istisna hal kimi nəzərə alınıb.
 
Konfrans dövründə hazırladığı məqalədə "The Washington Post” Obamanın 3 keçmiş məsləhətçisinin - Robert Gibbs, Cim Messina və David Plouffun konfransda çıxış etdiklərini qeyd edib. O zaman heç bir mətbuat orqanında ARDNŞ-in konfransın təşkili üçün AFAZ-ın hesabına 750 min dollar köçürdüyü xəbəri getməyib. Pulun köçürülməsi haqda bank məlumatını müstəqil etika ofisi əldə edə bilib.
Konfransda iştirak etmiş millət vəkilləri bunlardır: Cim Bridinstayn, Yvette Klark, Deni K.Devis, Rubin Hinoyosa, Şeyla Cekson Li, Leonard Lans, Maykl Lujan Qrishem, Qriqor Miks, Ted Po və Stiv Stokman.
 
Klark həm də Konqresin Etika Komitəsinin üzvüdür.
 

Müstəqil etika ofisi ilə araşdırma dövründə əməkdaşlıq etmiş millət vəkilləri deyiblər ki, konfransın təşkili və səfər xərclərinin ödənməsinin arxasında Azərbaycanın dövlət şirkəti olan ARDNŞ-in dayandığını bilməyiblər. Halbuki Bakıda konfransın keçirildiyi zalların divarından ARDNŞ-in loqosu asılıb. 

Həmin il mayın 13-də ARDNŞ AFAZ-ın hesabına 750 min dollar keçirib. 

Bundan az öncə - aprelin 16-da qeyri-kommersiya qurumlarının rəhbəri Kemal Oksuz ARDNŞ-in prezidentinə məktub yazaraq həmin məbləğdə pul istəyib. Oksuz söz verib ki, ARDNŞ-in loqosu konfransın çap ediləcək materiallarında yer alacaq, ARDNŞ görüşün əsas sponsoru kimi tanınacaq.

Araşdırmanı aparanların öz hesabatlarında qeyd etdiklərinə görə, heç kəs səfər xərclərini kimin ödəməsindən xəbərsiz olduğunu deməklə səfərin qanunsuz mənbədən maliyyələşməsinə tam haqq qazandıra bilməz.

 

Hesabatda deyilir ki, səfər xərclərinin ödənməsindən başqa konqresmenlərə çay servizi, çantalar, ipək şərflər, firuzə sırğalar, qızılı naxışlı boşqablar və Azərbaycan xalçaları hədiyyə edilib.

Bəzi millət vəkilləri müstəqil etika ofisi ilə əməkdaşlıq etmək istəməyib. Edənlər isə deyiblər ki, hədiyyələrin qanunla qoyulan limitdən – 350 dollardan ucuz olduğunu düşünüblər.

Lujan Grisham isə etika ofisinin araşdırmaçılarına deyib ki, xalçalar haqda məlumatı onların bahalı bir şey olduğunu düşünmədiyi üçün açıqlamayıb. O həmçinin xalçaların zövqünə uyğun olmadığını da deyib: "Mən özüm heç vaxt belə xalçaya pul verib almazdım”.

http://www.azadliq.info

.

contact.az

.

Maybe you are interested in:

SOCAR bahalı villaların şirkətə məxsus olduğunu inkar edir

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

SOCAR öz işçilərinin əməkhaqlarını artıra bilməyəcək

Bakının Vaşinqtondakı lobbiçilik fəaliyyəti zəifləyir

Amerikanın Fluor Limited şirkəti Azərbaycanın neft-qaz-kimya kompleksinin idarə olunması üzrə tenderdə qalib gəlib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz