Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanın Ukrayna siyasəti doğrudurmu?

Rusiya ordusu Ukraynanın Krım yarımadasını tamamilə işğal edərək bu ərazidə Moskvaya bağlı rejim yaradıb. Krımda hakimiyyəti silah gücünə ələ alan qüvvələr bu bölgənin Ukraynadan ayrılmasına qərar verib. Martın 16-da isə Krımda Rusiyaya birləşməyi nəzərdə tutan referendum keçiriləcək.

Rəsmi Bakı, yəni Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı belə bir mövqe açıqlayıb: "Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həll olunmasına tərəfdardır.

Eləcə də Azərbaycan Ukraynada sabitliyin, əmin-amanlığın və milli birliyin bərqərar olması prosesinə ciddi xələl yetirən radikalizm və ekstremizmin qarşısının alınmasına çağırır və Ukrayna Konstitusiyası əsasında ölkədəki vəziyyətin tezliklə sabitləşdirilməsinin tərəfdarıdır”.
Azərbaycan hakimiyyətinin Ukrayna hadisələrinə münasibətini yaranmış vəziyyətə adekvat saymaq mümkündürmü?
"Media forum” saytı bu sualı politoloq Zərdüşt Əlizadəyə və Müsavat Partiyasının liderlərindən olan Arif Hacılıya ünvanlayıb.

Azərbaycan hakimiyyətinin Ukrayna hadisələri ilə bağlı tam düzgün addım atdığını deyən Zərdüşt Əlizadə hesab edir ki, belə məqamda hadisələrin sonunu gözləmək daha məqbuldur: "Azərbaycan kiçik bir dövlət kimi dünya hadisələrinə, qonşu ölkələrdə baş verənlərə əməli təsir edə bilmirsə, nə etməlidir, hansı mövqe tutmalıdır? Azərbaycan hadisəni törədən böyük xarici ölkələrə və bu hadisədə iştirak edən yerli əhalinin özünün seçiminə çox dözümlü və hörmətlə yanaşmalı, baş verənlərin nə ilə bitəcəyini gözləməlidir. Nə ilə bitəcəksə, biz onu qəbul edəcəyik.

İstənilən halda Ukrayna dövləti ilə, bu xalqla Azərbaycanın həmişə xoş münasibətləri olub və olacaq. Amma onların taleyini həll etmək bizim işimiz deyil. Ona görə tamamilə soyuqqanlı mövqe tutub kimin qalib gələcəyini gözləyirik. Hansı nəticə olsa, qəbul etməyə hazırıq. Təbii ki, hər zaman bildiririk ki, beynəlxalq hüququn aliliyinin tərəfdarıyıq. Onu da təkrar etməkdən yorulmuruq ki, bütün münaqişələrin geniş danışıq, sülh yolu ilə həllinə tərəfdarıq. Bundan artıq da heç nə edə bilmərik”.

Arif Hacılı hesab edir ki, Qərb dünyası ilə Rusiya arasında Avrasiya məkanına təsir imkanları uğrunda mübarizənin həlledici mərhələsi başlayıb deyə Azərbaycan Ukraynada gedən proseslərə biganə qala bilməz: "Çünki Ukraynadan sonra oxşar proseslərin Azərbaycanda vüsət alması labüddür. Azərbaycan hakimiyyətinin bu günə kimi balans siyasəti adlandırdığı qeyri-müəyyənliyin artıq sonu çatıb.

Yaxın zamanlarda Azərbaycan hakimiyyəti ya demokratik Avropaya inteqrasiya, ya da avtoritar Rusiyanın yaratdığı Gömrük Birliyinə daxil olmaq barədə mövqeyini açıqlamalıdır. Əgər Azərbaycan Avroatlantik məkana inteqrasiya xətti seçibsə və bu, xalqın, cəmiyyətin mənafelərinə uyğundursa, hökmən bütün Azərbaycan cəmiyyəti, ilk növbədə isə hakimiyyət Ukraynada Rusiyaya qarşı dayanan, Ukraynanı Avropanın bir parçasına çevirməyə çalışan siyasi qüvvələrə, insanlara dəstək verməlidir.

Krım tatarlarına dəstək vermək isə xüsusilə zəruridir. Həm etnik, mədəni, həm də siyasi baxımdan Azərbaycan bu gün Krım tatarlarına dəstək verməyə borcludur. Təsadüfi deyil ki, Krım tatarlarının liderləri bu barədə Azərbaycan hakimiyyətinə dəfələrlə müraciət edib. Bütün bunlara baxmayaraq Azərbaycan hakimiyyəti susmaqda davam edir. Hesab edirəm ki, bu gün Azərbaycan hakimiyyətinin Ukraynada baş verən hadisələrə yanaşması ölkənin geosiyasi inkişafı baxımından dövlətimizin ziyanınadır. Hakimiyyətin yeritdiyi bitərəflik siyasəti yanlışdır”.

.

mediaforum.az

.

Maybe you are interested in:

Ukrayna, Qazaxıstan və Azərbaycan hökumət başçıları Ukrayna mallarının tranziti məsələsini müzakirə ediblər

Ukrayna BMT və Aİ sülhməramlılarının ərazisinə daxil edilməsinə razılıq verib

Elmar Məmmədyarov Azərbaycan-Aİ tərəfdaşlığı üçün şərtləri açıqlayıb

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

“Qarabağda savaşa başlamaq üçün münasib vaxtdır, amma...”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz