Məşhur dissident Heydər Əliyevin sirlərini açır
İlham Əliyevə ünvanladığı müraciətə görə döyüldüyünü bildirən Nadir Ağayevin ölkə başçısına yazdıqları «Azadlıq»da
Sentyabrın 24-də günorta təxminən saat 12-13 radələrində tanınmış dissident Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Nadir Ağayevə "beşbarmaqla” zərbələr endirib. Dissident "Azadlıq”a bildirib ki, döyülməsi ölkə başçısı Ilham Əliyevə ünvanladığı müraciətlə bağlıdır. Nadir Ağayev geniş müraciəti broşür şəklində çap etdirib.
Həmin broşürü əldə etmişik. Nadir Ağayev Ilham Əliyevə müracətində mərhum dövlət başçısı Heydər Əliyevi ittiham edir. Dissidentin sözlərinə görə, onun işdən çıxarılaraq həbs olunması və başına gələn müsibətlərdə məhz Heydər Əliyev günahkardır.
Nadir Ağayevin müraciətindən maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq.
(əvvəli ötən sayımızda)
YAP-dan Nadir Ağayevə dəstək
"Bu sərəncamla bağlı, bildirirəm ki, birincisi mən Heydər Əliyevdən yardım istəməmişdim. Ikincisi də Heydər Əliyev haqq və ədalətin barpa olunması prinsipini rəhbər tutub, mənə yardım göstərilməsi barədə yox, BMT-nin Insan hüquqları haqqında bəyannaməsinə və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən əsassız olaraq azadlıqdan məhrum edilib çəkdiyim cəzaya görə mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə sərəncam verməli idi.
Həmin dövrdə Heydər Əliyevlə əlaqədə olan bir neçə adamdan, o cümlədən Murtuz Ələsgərovdan da xahiş etmişdim prezidentlə söhbət zamanı imkan olsa ona desin ki, məni qəbul etsin. Bir müddət keçdikdən sonra mənə xəbər çatdı ki, Murtuz Ələsgərov Heydər Əliyevin yanında olarkən mənim barəmdə də söhbət olub. Murtuz Ələsgərovun yanına gedib, nə söhbət olduğunu soruşdum. O dedi: "Xahişini prezidentə çatdırdım. Prezident də dedi ki, onun qəbuluma gəlmək istədiyini bilirəm. O başçı olmaq istəyir”. Soruşdum daha başqa heç bir söz demədi. Dedi: "Xeyr”.
Bildirirəm ki, o vaxt mənim tutduğum vəzifəmdən zorakılıqla kənarlaşdşrılmağıma respublika ictimaiyyəti biganə qalmadı. Bu qeyri-qanuni əməllərə qarşı Yeni Azərbaycan və Milli Istiqlal partiyalarının Binəqədi rayon təşkilatları birgə bəyanat verdi. Bəyanat "Yeni Azərbaycan” qəzetində də dərc edilib. Onlar bu özbaşınalıqdan narahat olduqlarını bildirməklə Heydər Əliyevdən Binəqədi rayon əhalisinin Şirməmməd Xanməmmədov kimilərindən xilas edilməsini xahiş etdilər. Həmçinin, o vaxt sədri Ramiz Rzayev olan (sonradan o, Azərbaycanın Rusiyada səfiri oldu) Beynəlxalq Insan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi də bəyanat verib. Həmin bəyanat "Səs” qəzetində dərc olunub. Həmin bəyanatda deyilirdi: "Nə qədər ki, Nadir Ağayev kimi saf, təmiz, əqidəli, xalqını sevən insanlara qarşı təqib və təzyiqlər davam edəcək, o vaxtadək Azərbaycanda demokratik cəmiyyət quruculuğundan, insan azadlığından, qanunun aliliyindən danışmaq boş mənasız sözlərdən ibarət olub xalqa heç bir xeyr verməyəcəkdir”.
Dissident məhkəməyə üz tutur
Nadir Ağayev bildirir ki, bundan sonra məhkəməyə müraciət edib: "Qanuna müvafiq olaraq tutduğum vəzifəyə bərpa və məcburi proqul üçün əmək haqqının ödənilməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırdım. Işə baxılması 20 aprel 1994-cü il tarixdə saat 10-a təyin edilmişdi. 19 apreldə axşam saat 24-ə yaxın naməlum bir adam mənə telefon edib bildirdi ki, ehtiyatlı olum. Bu gün M.Bayramovla Cahangir Hüseynov bir qrup adamı yığıb, lazımi təlimatdan sonra göstəriş veriblər ki, tanıdıqları və etibar etdikləri ermənistanlıların hamısına xəbərdarlıq etsinlər ki, sabah saat 9-dan icra hakimiyyəti binasının qarşısına toplaşsınlar. Sonra oradan böyük bir dəstə ilə rayon məhkəməsinə gedib, orada aksiya keçirərək tələb etsinlər ki, məhkəmə sizin iddia ərizənizə baxmasın. Desinlər ki, ”türemşik"dən dövlət işçisi olmaz. Biz Cahangir Hüseynova inanırıq və ona etibar edirik. Məhz o, icra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində qalmalıdır.
Səhər saat 9-da rayon prokurorluğunda oldum. Prokuror Azər Cəfərov işə gələn kimi axşam mənə olan naməlum telefon zəngi barədə ona məlumat verdim. O da məni arxayın etdi ki, əgər belə bir hadisə baş verərsə polis idarəsinin rəisi ilə əlaqə yaradıb, lazımi tədbir görərik".
Məhkəmə sədrinin otağında qalmaqal
Nadir Ağayevin sözlərinə görə, saat 10-da təxminən 70 nəfərdən ibarət olan dəstə məhkəməyə gəlib: "Onlar hay-küylə məhkəmənin binasına daxil olaraq məhkəmənin sədri Tamella xanım Nəsrullayevanın (Hazırda Nizami rayon Məhkəməsinin sədridir) kabinetinə girməyə cəhd etdilər. Kabinetdə Tamella xanımdan başqa rayon prokurorunun müavini Fuad Mirzəyev, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Şahsuvar Təhməzov və mən oturmuşduq. Sakitlik yaratmaq üçün rayon polis rəisinin müavini Səbuhi Kərimovun rəhbərliyi ilə bir dəstə polis gəldi. Tamella xanım icazə verdi ki, onların arasından üç nəfər nümayəndə gəlib nə istədiklərini bildirsinlər. Bu vaxt hay-küylə hamısı doldu kabinətə. Məni göstərərək dedilər: ”O dövlət xainidir. Zəngəzuru ermənilərə bununkimilər verib. Onun başını toyuq başı kimi kəsmək lazımdır? Məhkəmə onun iddia ərizəsinə baxmamalıdır. O, respublikadan birdəfəlik çıxıb getməlidir".
Bir saatdan artıq mənim ünvanıma dünyada nə qədər çirkin sözlər varsa hamısını dedilər. Mənim üçün isə ən dəhşəlisi o oldu ki, həmin vaxta qədər üzünü belə görmədiyim 30 yaşlı bir cavan qadın qucağında iki-üç aylıq uşaqla üstümə hücum çəkib, həyasızcasına deyirdi: "Mən bunun qəbuluna gəldim, məni qəbul etmədi. Dedi mən "yerazları” qəbul etmirəm".
Əsassız və ədalətsiz olaraq mənə qarşı bu qədər təhqiramiz sözlər deyilməsinə baxmayaraq, bu həşaratlara cavab verməyi şəxsiyyətimi alçaltmaq kimi saydığımdam susdum".
Nadir Ağayev daha sonra müraciətində yazır ki, bütün bunlardan sonra mərhum Heydər Əliyevlə münasibətləri pozulub. Dissident Heydər Əliyevi tənqid etməyə başlayıb və bu gün də tənqidlərini davam etdirir. Nadir Ağayev ölkə başçısı Ilham Əliyevdən atasının ona qarşı etdiyi əməllərə görə cavab verməsini tələb edir.
.
Maybe you are interested in:
Experts link Abu Khalid's oath to IS with growth of protest in Islamic Ummah
Dagestani preacher Nadir Abu Khalid swears to IS leader
Dagestani SC leaves Nadir Abu Khalid under home arrest
In Dagestan, Nadir Abu Khalid is placed under home arrest for two months
Islamic preacher Nadir Abu Khalid who disappeared in Makhachkala found at police station