Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Yeni qalmaqalın – oliqarxgeytin arxasında nə durur?

 

İri biznes nümayəndələrinin həbsi barədə KİV-də yayılan məlumatlar fonunda hüquq-mühafizə orqanları susmaqda davam edirlər.

Söhbətin yüz milyonlarla dövlət vəsaiti ilə bağlı dələduzluqdan getdiyini nəzərə alsaq bu susmaq olduqca qəribə görünür.

Müxtəlif KİV-in yaydığı xəbərlərə görə, bu vəsaitlər müxtəlif dövrlərdə Beynəlxalq Bank tərəfindən sahibkarlara verilib və geri alınmayıb. Bu barədə heç kim danışmayıb. Lakin iki ay öncə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev öz postundan kənarlaşdırılıb.

Həbs olunanlar arasında "Azərinşaat” MMC-nin direktoru Mehdi Əliyev, Şəki İcra Hakimiyyətinin keçmiş rəhbəri Murad Cabbarlı və Əbdül Ansuxski (90-cı illərin əvvəlində  qətlə yetirilmiş deputat və iş adamı Əli Ansuxskinin oğlu) var.

ABB  Azərbaycanın ən iri bankıdır və ölkə kreditlərinin 60%-i onun payına düşür. Versiyalardan birinə görə, C.Hacıyevin rəhbərliyi dövründə ona yaxın biznesmenlər aşağı girovla güzəştli şərtlərlə kredit alıblar.

Neftin qiymətinin enməsi ilə əlaqədar ölkənin gəlirlərinin azalması və manatın devalvasiyası maliyyə sistemində ciddi problemlər yaradıb.

Deyilənlərə görə, kredit alanlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı İbrahim Nehrəmlidir.

O, özünün "Xəzər adaları” layihəsinə (dənizdə şəhər tikintisi) görə 850 mln. dollar alıb. Halbuki, İ.Nehrmli bildirib ki, ABB-dən cəmi 57 mln. dollar alıb, lakin onun borcu faizlərlə 70 mln. dollar edir.

Rəsmi məlumatlara görə, ölkədə problemli kreditlərin həcmi 1,2 mlrd. manat təşkil edir. ABB-yə qaytarılmayan kreditlərin həcmi 1,1 mlrd. manat təşkil edib.

Qeyri-rəsmi məlumatlara görə, C.Hacıyevin özünün də aktivlərinə gizli həbs qoyulub.

Təsdiqlənməmiş məlumatlara görə, digər tanınmış oliqarx PNN Group-un təsisçisi Nizami Piriyev də həbs olunub.

N.Piriyev xaricdə biznes qurub, lakin bir neçə il öncə Azərbaycana gələrək metanol istehsalı üzrə iri müəssisənin tikintisinə başlayıb. Beş il öncə bu müəssisənin açılışına Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler dəvət olunmuşdu.

Bundan əlavə, PNN tanınmış dünya brendi De Beers və Hamley's ilə tərəfdaşlıq edir, həmçinin françayzinq əsasında KFC fastfud şəbəkəsini inkişaf etdirir.

Nəhayət, "Azimport” şirkətinin həmtəsisçisi Rəşad Məmmədovun və onun qohumu Əsgər Məmmədovun həbs olunduğu bildirilir.

Bu şirkət dövlət büdcəsinin hesabına Bakıda və Abşeronda abadlıq üzrə iri layihələrin reallaşması ilə tanınır.

Bu günlərdə R.Məmmədov Dövlət Bayraq Meydanı İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bəzi müşahidəçilərin fikrincə, R.Məmmədovun gözdən düşməsinə səbəb "oyunun qaydaları”nı pozması və külli miqdarda vəsaiti mənimsəməsidir.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, son həbslər hətta hakimiyyətin "qanadı altında” fəaliyyət göstərənlərin belə biznesi üçün zəmanətin olmadığından xəbər verir. Azərbaycanda bütün məmurlar kiçik və ya böyük biznesmenlərdir. Onlar bilməlidirlər ki, istənilən vaxt hər şeyləri, hətta azadlıqları da əllərindən alına bilər.

Əvvəllər yerli və xarici biznesmenlər özlərinə "arxa” axtarmağa və işlərini bu yolla qurmağa çalışırdılar. İndi bu sxem də işləmir. "Bu, hələ başlanğıcdır və müharibə yeni qızışır”, - N.Cəfərli Facebook səhifəsində yazıb.

Bəzi məlumatlara görə, biznesmenlərin işlərinin araşdırılması ilə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi məşğul olur.

Bəzi ekspertlər güman edirlər ki, biznesmenlərə qarşı "yumşaq güc”dən istifadə olunacaq. Onlar "oğurladıqları” pulları geri qaytarmaqla xilas ola biləcəklər. Həbslər və saxlanmalar barədə rəsmi məlumatın olmaması da nəhz bununla izah edilir.

Lakin görünür, oliqarxgeyt adlanan yeni qalmaqal başlanır və onun qurbanlarının sayı arta bilər.

.

contact.az

.

Maybe you are interested in:

ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev saxlanılıb

MTN-də “təmizləmə” işləri tam sürətlə gedir

Sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq

Şəkidə daha bir AXCP fəalı saxlanılıb

Hakimiyyət beynəlxalq aləmə müharibə elan etdi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz