Dindardan Sumqayıt polisinə qarşı yeni şikayət
Dindar – sələfi Rəhman Əhmədov Turan agentliyinə müraciət edərək, Sumqayıt polisi tərəfindən ona qarşı təzyiq olduğunu bildirib.
27 yaşlı Əhmədov Cəbrayıl rayonundan məcburi köçkündür.
Sumqayıtda onun 17-ci mikrorayonda kiçik ticarət obyekti var.
Dekabrın 6-da səhər saatlarında o, "dindarların "uçota” alınması məqsədilə” sahə müfəttişinin yanına çağırılıb.
Daha sonra o, 4-cü polis şöbəsinə aparılıb, buarada Kənan adlı rəis tərəfindən təhqirlərə məruz qoyulub.
Ona deyiblər ki, Azərbaycanda onun kimilərin yeri yoxdur və saqqalını qırxmağı tələb ediblər.
Dindar Sumqayıt Baş Polis İdarəsində də təhqir və fiziki təzyiqlərə məruz qoyulub.
Əhmədovun sözlərinə görə, Gəray adlı zabit onunla ideoloji mübahisəyə başlayıb.
"Məndən Müaviyənin kim olduğunu soruşublar. Dedim ki, Peyğəmbərimizin səhabəsi olub. Dedilər, yox, və təhqir etməyə, yumruqla burmağa başladılar”, deyə Əhmədov sözlərinə davam edib.
Əhmədovun sözlərinə görə, polis idarəsində onu terrorçu adlandırıblar. Nəhayət, saat 17.00 radələrində ona saqqalını qırxmağı tövsiyə edərək, buraxıblar.
Dindar yeni təzyiqlərdən və uydurma ittihamla həbs ediləcəyindən qorxur.
Sumqayıt polisindən şərh almaq mümkün olmayıb.
Turan Agentliyi qarşı tərəfə söz verməyə hazırdır.
Xatırladaq ki, bir ay əvvəl bir qrup sələfi də yerli polisin özbaşınalığından - əsassız saxlanılmalarından və işgəncələrə məruz qoyulmalarından şikayət edib. Bu, evinin həyətində ibadətxana açmış dini fəal Zöhrab Şıxəliyevin qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilməsindənsonra baş verib.
Lakin həmin vaxt DİN dindarlara qarşı işgəncələr haqqında məlumatları təkzib edib.
.
Maybe you are interested in:
Elçin Qasımova 30 sutka həbs cəzası verilib
AXCP rəhbərinin müşaviri Məmməd İbrahimi polis saxlayıb
AXCP fəalı polisin təzyiqinə məruz qaldığını bildirib